Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sentyabr ayından etibarən Qarabağda Ermənistan hərbçilərinin olmayacağı bəyanatına Ermənistan Respublikasının keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan münasibət bildirib.
Qaynarinfo bu barədə erməni mediasına istinadla xəbər
verir.
"Ümumiyyətlə, bu qərar yeni deyildi və bir daha qeyd edim ki, Ermənistan bu qərarı ilə birdəfənlik Qarabağdan əlini tamamilə çəkib. Bundan sonra Ermənistan hakimiyyəti Azərbaycanın bütün məqamlar üzrə tələblərini yerinə yetirməyə hazırdır. Bu isə o deməkdir ki, Qarabağ Ermənistanın müdafiə qabiliyyətindən məhrumdur və o, Rusiyanın sülhməramlı missiyasının verdiyi təhlükəsizlik zəmanətləri əsasında öz müdafiə qabiliyyətini müstəqil şəkildə formalaşdırmalıdır. Başqa sözlə, Cənubi Qafqazda Ermənistan faktoru sıfıra endirilib”, - keçmiş müdafiə nazirinin müavini müsahibəsində qeyd edib.
O, "10 Noyabr razılaşmasının şərtləri ilə bütün bunların qarşısını almaq mümkün olubmu” sualına cavabında deyib: "Bəli, çünki 10 Noyabr müqaviləsində Ermənistanın Qarabağda kontingentinin olmaması qeyd olunmur”. (10 Noyabr anlaşmasının 4-cü bəndində Ermənistanın sillahlı qüvvələrini Qarabağı tərk etməsi qeyd olunub. - red.)
"Birincisi, o razılaşmanı belə bir təslim bəyanatına çatdırmaq lazım deyildi, ikincisi, beynəlxalq birliyin və xüsusən də Minsk qrupunun rolu sıfıra endirilməməliydi, üçüncüsü, qoşunlar müharibənin dayandığı ərazilərdən tələsik çıxarılmamalıydı”, - A.Zakaryan əlavə edib.
"Ermənistan Respublikasının silahlı qüvvələrinin dəstəyi olmadan Qarabağın təhlükəsizliyi təhdid altında deyilmi” sualına isə o, belə cavab verib:
"Əgər siz özünüzü qoruya bilmirsinizsə, Rusiya sizi hər məsələdə müdafiə etməyə borclu deyil. Qarabağın öz müdafiə ordusu, səfərbərlik imkanları olmalıdır və bu məsələdə Ermənistan Respublikasının silahlı qüvvələri Qarabağa hər cür kömək etməlidir. Qarabağ olmadan isə Ermənistan Respublikası olmayacaq. Əgər Qarabağ ermənilərin deyilsə, deməli Ermənistan Respublikası da yoxdur”.
Telman