Xəbər lenti

"Qarabağ"ın şansları sabiqlərin gözündə: "Yüklənmə həddindən çox olacaq”
İdman11:42 28.08.2021

"Qarabağ"ın şansları sabiqlərin gözündə: "Yüklənmə həddindən çox olacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il Azərbaycanı Konfrans Liqasında təmsil edən klublardan yalnız "Qarabağ" qrup mərhələsinə vəsiqə qazanmağa nail oldu. Hər il olduğu kimi, bu il də məhz Ağdam təmsilçisi futbolumuzu beynəlxalq arenalarda təkbaşına təmsil edəcək. Bəs bu il komandanın "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) ilə birlikdə yer aldığı qrupdan çıxmaq şansları nə qədərdir? Suallarımızı "Qarabağ"ın sabiq futbolçularına ünvanladıq.
Onlar Qaynarinfo üçün "Qarabağ"ın şanslarını belə dəyərləndirdilər:
Emin İmaməliyev: 
- Futbolda asan rəqib yoxdur. Əvvəlki illərə nisbətən düşünə bilərik ki, bu il yaxşı qrupdadırlar. Ancaq elə deyil. Hazırda bütün klublar futbol oynamağı bacarır. Ən azı yaxşı müdafiə olunub, hücümlar qura bilirlər. Buna baxmayaraq, "Qarabağ"ın təcrübəsi var, 8-ci ildir ki, ardıcıl olaraq qruplarda oynayır. Mənə elə gəlir, bu dəfə şansları çoxdur, qrupdan çıxa bilərlər. Əvvəlcədən proqnoz vermək çətindir. Hər şey gözləniləndir. Qrupda "Omoniya" ilə "Kayrat" ən çətin rəqiblərdir. Yəqin ki, "Qarabağ"ı analiz edirlər. Burda daha az səhv buraxan komanda qələbə qazanıb qrupdan çıxacaq. "Qarabağ"ı favorit kimi göstərmək? Əlbəttə, olar. "Qarabağ" elə futbol oynayır, sanki Avropa komandasıdır. Topla oynamağı sevir. Yaxşı müdafiə olunmağı bacarır. Futbola aid hər şey var. İllərlə gələn təcrübədir ki, komanda buna nail olub. Növbəti mərhələyə adlaya biləcəklərini fikirləşirəm.
Yaşar Hüseynov: 
- İlk baxışdan hamı deyir ki, "Qarabağ" yüksək pillələrdə olacaq. Hətta qrupda 1-ci yeri tatacaqlarını söyləyənlər də var. Düzdür, son oyunlar göstərir ki, komanda bunu edə bilər. Amma bu işlərin xırdalıqlarına baxmaq lazımdır. Reallıq nədir? Məsələn, baxır komandanın həmin oyunlardan əvvəl durumu necə olacaq. Çünki "Qarabağ"ın yarısı bu gün millidədir. Həm millidə, həm Premyer Liqada, həm də Konfrans Liqasında oynamaq çox çətindir. Futbolu bilməyənlər kənardan nəsə deyə bilər. Ancaq çox çətin olacaq. Zədələr qaçılmazdır. Allah eləsin heç zədə olmasın. Yüklənmə həddindən çox olacaq. Qrupda yer alan 4 komandanın içində "Bazel" daha güclüdür. Düzdür, "Qarabağ" bunlardan da güclü komandalara qarşı çıxış edib. Məsələn, "Atletiko" ilə İspaniyada və Bakıda heç-heçə edib xal götürmüşdülər. Hamımız istəyirik ki, "Qarabağ" qrupu lider kimi başa vursun, növbəti mərhələyə adlasın. Amma reallıq budur ki, futbolçular çox yüklənəcəklər. Oyunlara hazırlıq vacibdir. Yenə də komandanın ən azı 2-ci pilləni tutacağına inanırıq. Baxın, yenə də Kipr klubu rəqib olub. Qazaxıstanda meydançaların hamısı süni örtüklüdür. Bütün bu amilləri nəzərə almaq lazımdır. Məsələn, düşünürdüm ki, "Qarabağ" "Aberdin"ə uduzacaq. Çünki "Tofiq Bəhramov"da oyunları yaxşı alınmırdı. Bununla yanaşı, heyətdə fərdi bacarıqları yüksək olan futbolçular var. İndi zəif rəqib yoxdur. Zəif komanda bu mərhələyə qədər gəlib çıxa bilməz. Kənardan hər şey fərqli görünə bilər. Amma oyun əsasdır. Komandanın yorğun olmaması, rahatlığı çox vacibdir. Transfer lazımdırmı? İndiki durumda, məncə, "Qarabağ"a yeni futbolçu lazım deyil. Düzdür, zədəli futboçuları var. Ancaq klubda işlər həmişə düzgün qurulur. Qurban Qurbanov nə etməyi, harada çatışmazlıqlar olduğunu bilir. 3 liqada mübarizə aparmaq üçün iki heyət lazımdır. Cavanlarla birlikdə iki heyət var. Bəlkə də əlavə 1-2 futbolçu alsalar, yaxşı olar. Hər halda özləri durumu bizdən daha yaxşı bilirlər. Komandanın içindədirlər.
Vaqif Cavadov: 
- Qarabağ" həmişə çətin qruplarda olub. Amma bu dəfə komandaların səviyyəsi demək olar eynidir. "Bazel" 10 il əvvəlki komanda deyil. "Kayrat"a nəzər salsaq, çempiondur. Həm də Qazaxıstan çempionatı hazırda Azərbaycan Premyer Liqasından yüksək səviyyədədir. "Omoniya" səhv etmirəmsə, Kipr çempionatında birinci yeri tutmuşdu. Ona görə də çox maraqlı mübarizə olacaq. Əlbəttə, istəyimiz odur ki, "Qarabağ" qrupdan çıxsın. Bilmək olmaz nələr yaşanacaq. Kim təminat verə bilər ki, "Bazel" və ya "Kayrat" qrupdan çıxmayacaq. Səhv etmirəmsə, "Kayrat" keçən il Avroliqanın qrup mərhələsində idi. Hətta bir neçə il əvvəl Çempionlar Liqasında da oynayıb. Ona görə də çox güclü qrupa düşdüklərini deyə bilərəm.
Səbuhi Həsənov