Uzun illərdir "Qəbələ”ni çalışdıran Elmar Baxşıyev ötən tur "Kəpəz”lə oyundan sonra istefa verdi. Son vaxtlar toparlana bilməyən komandanın bu vəziyyətə düşməsində özünü əsas günahkar kimi görən mütəxəssis düzgün olduğunu düşündüyü addım atdı.
Ancaq onun postunu tərk etməsini istəyən azarkeşlər də vardı. "Kəpəz”ə qüsurlarla dolu hakim idarəçiliyi fonunda məğlubiyyət daha çox "istefa” şüarlarının səsləndirilməsinə rəvac versə də, azarkeşlərin onun arxasında dayanmadığını, hazırkı durumda dəstək göstərmədiyini deyənlər də tapıldı. Təbii ki, azarkeşi də qınamaq olmaz. Onlar sevimli komandalarının qələbəsini, onu daha yüksək pillələrdə görmək istəyirlər. Bəs Baxşıyevin gedişi bu problemin həlli olacaqmı? Hər halda azarkeşlərin də düşüncələri maraqlıdır.
"Qəbələ”nin "Red Black Army” azarkeş qrupunun rəhbəri Cavad Şərifli də baş məşqçinin gedişi, sevimli komandasının durumu haqda düşüncələrini bölüşüb. O, Qaynarinfo-ya açıqlamasında nəyin düzgün olub-olmadığı, yeni baş məşqçi Kaxaber Tsxadadzedən gözləntilərini dilə gətirib:
"Komanda elə durumdadır ki, yeni nəfəs lazım idi. Elmar müəllim pis məşqçi deyil, "Qəbələ”də yaxşı uğurları olub. Bu, dünya futbolunda da belədir. Hər məşqçinin başına gələn işdir. Kaxaber Tsxadadze Azərbaycan futboluna tanış olan, uğurlu məşqçidir. İnanıram ki, komandanı toparlayıb elitada saxlayacaq. Ona güvənimiz sonsuzdur, hər şeyi zaman göstərəcək. O, elə məşqçidir ki, inanmağa dəyər. Köməkçisi də vaxtilə "Simurq”un baş məşqçisi olub, Azərbaycan futbolunda çalışmış insandır. "Qəbələ” azarkeşləri ümidlidir. Vəziyyətin çox çətin, heyətimizin kasad olmasını başa düşürük. Hər məşqçinin öz sistemi var, taktikaları başqadır. Bəlkə bu, daha uğurlu olacaq. Düzdür, Tsxadadze müdafiəyə meyilli məşqçidir. Eyni zamanda nəticə də qazanır. Bizə də nəticə lazımdır. Vaxt vardı, deyirdik ki, "Qəbələ” yaxşı oynasın. İndi elə durumdayıq ki, nə olur-olsun, nəticə qazanıb elitada qalmaq istəyirik”.
Şərifli "Həqiqətən Baxşıyevin getməsini istəyirdiniz” sualına belə cavab verib:
"Məşqçilər, menecerlər, komanda ilə birlikdə yeni ilqabağı iclas keçirmişdik. Orada bildirmişdik ki, Baxşıyev yaxşı insandı, münasibətimiz, salam-kəlamımız var. Amma işin öz qaydası da var. Nəticə lazımdır, hazırkı durum isə bizi qane etmir. Yaxşı insan olduğuna görə, azarkeşlər Elmara fevrala qədər şans vermişdi. Amma heç bir dəyişiklik görmədik, "Kəpəz”ə, "Turan Tovuz”a uduzduq. Elmar müəllim çox yüksək səviyyəli şəxsiyyətə malikdir. Sadəcə, istefa lazım idi ki, yeni nəfəs gəlsin. O postundan istefa verdikdən sonra görüşdük, halallaşdıq. O peşəkardır, özü də demişdi ki, bir gün gələn, bir gün gedər. Nəticə yoxdursa, məşqçinin istefası qaçılmazdır. "Qəbələ”yə yeni nəfəs gəlməsi yaxşı oldu. Həmçinin Elmar müəllim digər komandalara uğur qazandıracaq potensialda olan məşqçidir”.
Maraqlıdır, azarkeşlər yeni baş məşqçini ilk oyunda necə qarşılamağı düşünür?
"Həmişə komandanın yanında olmuşuq. Ev və səfər oyunlarına eyni qaydada hazırlaşırıq. Ekstra bir şey yoxdur, sadəcə, "Qarabağ”la oyunda çıxıb komandamıza dəstək göstərəcəyik”.
İdman ictimiyyətində azarkeşlərin Baxşıyevə indiki vəziyyətdə yetərincə dəstək olmadıqları haqda söylənən fikirlərə Şərifli belə münasibət bildirib:
"O sözü deyən insanlar, özlərini "Qəbələ”yə 12-15 il dəstək verən, ev-səfər demədən komandanın yanında olanların yerinə qoysalar, elə düşünməzlər. Mənim üçün hazırda hər şeydən önəmlisi "Qəbələ”nin Premyer Liqada qalmasıdır. Başa düşürəm, o qədər xatirələrimiz var. "Qəbələ”nin liqadan düşməsini qəbul edə bilmirəm, buna inanmıram. Ona görə də həmin insanları qınayıram. Yaxşı, nə edək? "İnşallah”, "maşallah”la komanda düzəlmir, uçuruma gedir. Nəsə etmək lazım idi. Buna təsir göstərən amillər, yeni transferlərin zay çıxması, zədələr-filandır ki, burda azarkeşin günahı yoxdur. Hər şey məşqçilərdən və idarə heyətindən asılıdır”.
Maraqlıdır, son vaxtlar "Qəbələ”nin həm idarə heyətindəki, həm də məşqçilər korpusundakı dəyişiklikləri azarkeşlərdə hansı fikirləri oyadıb?
"Heç kim işində daimi deyil. Düzdür, klubdan gedənlər uzun illər idi ki, burada işləyirdi. Mətbuat katibi Anar, Nail müəllim getdi. Nail müəllim bunu "Qəbələ” üçün etdi. İnanıram ki, o daha uğurlu olacağını düşünərək istefa verdi. Hə ikisi peşəkar insanlardır, onlara uğurlar arzulayıram”.
Fanat "Qəbələ”nin uğursuzluqlarının səbəbləri barədə fərqli fikirlər də söyləyib:
"Bu il futbolçuların 90 faizinin "Qəbələ”dən büdcə səbəbindən ayrılması, yeni transferlərin özünü doğrultmaması rol oynadı. Gözlədiyimiz kimi olmadı. Nəticədə "qara zolağ”a düşdük. Hakim idarəçiliyi? Bu, illərlə deyilən bir şeydir. Təkcə, "Qəbələ” deyil, bütün komandalara qarşı səhvlər edilir. Sual odur ki, niyə bunun üçün tədbirlər görülmür? Aşkar qayda pozuntuları niyə qeydə alınmır? Hamı deyir, şikayət edir. Ancaq, məsələn, Rəvan Həmzəzadənin "Kəpəz”lə oyundakı penalti epizoduna görə cəzalanıb-cəzalanmadığı haqda məlumat verilmir. Hakimlərin də təsiri var”.
"Bəs "Qəbələ” uduzmasaydı, azarkeşlər yenə istefa şüarları səsləndirəcəklərdimi” sualına Şərifli belə cavab verib:
"Bilmək olmaz, hər dəqiqənin hökmü var. Hər şeyin, hakimliyin də təsiri olur. Hər şey mümkün idi bu futboldur”.
Səbuhi Həsənov
Şərhlər