İdman 17:46 12.08.2022

"Qəbələ"nin prezidenti MMA çempionu ilə görüşdü

"Qəbələ”nin prezidenti Fariz Nəcəfov MMA döyüşçüsü Nəriman Abbasovu qəbul edib.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə "Qəbələ"nin ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayev və idmançının məşqçisi Şəhriyar Abbasov da iştirak edib.

Görüşdə Nərimanın "AMC Fight Night” çərçivəsində keçirdiyi sonuncu döyüş barədə fikir mübadiləsi aparılıb. Klub prezidenti Rusiyanın paytaxtı Moskvada keçirilən qarşılaşmada Marif Pirayevə qalib gələrək yüngül çəkidə çempion titulunu növbəti dəfə qoruyan idmançını təbrik edib.
 
Fariz Nəcəfov Abbasovu dünyanın ən nüfuzlu döyüş təşkilatlarından biri olan UFC ilə müqavilə imzalaması münasibətilə də təbrik edərək ona uğurlar arzulayıb. Tədbirdə idmançının UFC-dəki çıxışı və ilk döyüşə hazırlığı müzakirə olunub.
 
Nərimanla məşqçisi "Qəbələ” İdman Klubuna göstərdiyi dəstək üçün təşəkkürlərini bildiriblər. Görüşün sonunda klub rəhbərliyi idmançıya mükafat təqdim edib. 
 
Səbuhi Həsənov