Liviyada 40 illik hakimiyyətdən sonra 2011-ci ildə devrilən Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi evinin həyətində öldürülüb. Bildirilir ki, hücumdan əvvəl evin təhlükəsizlik kameraları sıradan çıxarılıb.
Qaynarinfo xəbər verir ki, Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi ötən gecə Liviyada qətlə yetirilib. "Al Arabiya”ya danışan ailəyə yaxın mənbələrin verdiyi məlumata görə, 53 yaşlı Qəddafi paytaxt Tripolidən 136 kilometr cənub-qərbdə yerləşən Zintan qəsəbəsində maskalı və silahlı dörd nəfər tərəfindən güllələnib. Mənbə bildirib ki, hadisə Qəddafinin evinin həyətində baş verib və hücum edənlər əməliyyatdan əvvəl evin təhlükəsizlik kameralarını sıradan çıxarıblar.
Qəddafinin siyasi komandası yaydığı açıqlamada silahlı şəxslərin zorla evə daxil olaraq "qorxaq və xaincəsinə” hücumu həyata keçirdiyini qeyd edib. Açıqlamada Qəddafinin hücum edənlərlə qarşıdurmaya girdiyi də iddia olunub, lakin təfərrüat verilməyib. Prokurorluq şübhəlilərin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdiyini açıqlayıb.
Ailənin Qərbə açılan üzü
1972-ci ildə Tripolidə anadan olan Seyfülislam Qəddafi Müəmmər Qəddafinin ikinci oğlu idi. İngiltərənin nüfuzlu London İqtisadiyyat Məktəbində doktorantura təhsili alan və ingilis dilini yüksək səviyyədə bilən Qəddafi atasının varisi olaraq görülürdü. Atasının avtoritar idarəçiliyinə baxmayaraq, Seyfülislam daha çox islahatçı mövqeyi ilə tanınırdı. İnsan hüquqları sahəsində fəaliyyət göstərən Qəddafi 2000-ci illərdən etibarən Liviyanın Qərb ölkələri ilə münasibətlərinin inkişafında mühüm rol oynamışdı.
Ərəb baharı hadisələri zamanı 2011-ci ildə atasının öldürülməsindən sonra qonşu Nigerə qaçmağa çalışarkən Zintan bölgəsində silahlı qruplar tərəfindən yaxalanmışdı.
Prezidentliyə namizəd olmuşdu
Seyfülislam Qəddafi 2015-ci ildə Liviyada bir məhkəmə tərəfindən qiyabi olaraq ölüm cəzasına məhkum edilmişdi. Məhkəmə onu Ərəb baharı dövründə etirazçılara qarşı zorakılığı təşviq etmək və qətllərdə günahlandırmışdı. 2017-ci ildə əfv qərarı ilə azadlığa buraxılan Qəddafi həmin vaxtdan Zintanda yaşayırdı.
O, 2021-ci ildə ölkədə keçirilməsi planlaşdırılan prezident seçkilərində namizəd olacağını açıqlamış, namizədliyi əvvəlcə seçki komissiyası tərəfindən ləğv edilmiş, daha sonra bərpa olunmuşdu. Lakin həmin seçkilər ümumiyyətlə baş tutmamışdı.
Qəddafi rejiminin sözçüsü Musa İbrahim hücumu "xain sui-qəsd” adlandıraraq pisləyib. O, X sosial şəbəkəsində paylaşımında bildirib: "O, bütün xalqı üçün birləşmiş və suveren bir Liviya istəyirdi. Ümidə və gələcəyə sui-qəsd etdilər, nifrət və kin toxumları səpdilər".
Qeyd edək ki, Liviya hazırda Tripoli mərkəzli Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən hökumət ilə general Xəlifə Hafterin dəstəklədiyi şərq administrasiyası arasında bölünmüş vəziyyətdədir.
Aydın
Şərhlər