CNRS Sorbonna Universiteti və Tyndale House tədqiqatçıları Hipparxın eramızdan əvvəl II əsrdə tərtib etdiyi Ulduz Kataloqunun fraqmentlərini aşkar ediblər. Bu unikal sənəd dünyada ilk məlum tam ulduz atlası olub. Parçalar yeni mətnlərə yer açmaq üçün köhnə yazıların silindiyi orta əsrlərə aid palimpsestdə aşkar edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Greek Report
yazır.
Mütəxəssislər kataloqun silinmiş hissələrini bərpa etmək və onun məzmununu təhlil etmək üçün multispektral təsvirdən istifadə ediblər.
Dörd əsr sonra tərtib edilmiş başqa bir məşhur astronomik əsər olan Klavdi Ptolemeyin Ulduz Kataloqunun əvvəllər düşünüldüyü kimi sadəcə Hipparx əsərinin surəti olmadığının təsdiqi mühüm tapıntı idi. Silinmiş qeydlərdə tapılan fraqmentlər Hipparx və Ptolemeyin bürcləri fərqli təsvir etdiyini, Hipparxın astronomiyasının daha dəqiq olduğunu göstərir.
Hipparx, təxminən eramızdan əvvəl 190-cı ildə Bitiniyadakı Nikeyada anadan olub. Astronomik müşahidələrinin çoxu eramızdan əvvəl 147-127-ci illərə aiddir. Alimlər ilk dəfə aşkar edilmiş fraqmentlər sayəsində onun işinin təfərrüatlarına baxa biliblər. O, Ay və Günəşin orbitlərinin ekssentrikliyini hesablamaq üçün triqonometrik cədvəldən istifadə edən ilk riyaziyyatçı kimi tanınır.
Bu kəşf astronomiya tarixinə yeni səhifələr əlavə etməklə yanaşı, Qədim Yunanıstanda astronomiyanın inkişafında əsas simalardan biri sayılan Hipparxın yaradıcılığının böyük əhəmiyyətini vurğulayır.
Alpər