Dünya bazarında qəhvə qiymətləri yenidən bahalaşıb. Braziliya və Vyetnamda müşahidə olunan əlverişsiz hava şəraiti, eləcə də qlobal qəhvə ehtiyatlarının azalacağı ilə bağlı narahatlıqlar qəhvənin bir funtunun (libra) qiymətini 3,57 dollara çatdıraraq son 6 ayın ən yüksək səviyyəsinə yüksəldib.
Qaynarinfo Anadol-ya istinadən xəbər verir ki, cari ilin əvvəlindən ucuzlaşan qəhvə qiymətləri son həftələrdə yenidən bahalaşmağa başlayıb. Əvvəlki aylarda Cənubi Amerikada əlverişli hava şəraiti, Yaxın Şərqdə gərginliyin nisbətən azalması və ABŞ-nin Braziliyaya tətbiq etdiyi əlavə gömrük rüsumlarını ləğv etməsi qiymətlərin aşağı düşməsinə səbəb olmuşdu.
Digər tərəfdən, ABŞ–İsrail–İran qarşıdurması fonunda artan daşınma və sığorta xərcləri qəhvəyə olan tələbatı zəiflətmişdi. Nəticədə qəhvənin qiyməti ilin ilk altı ayında təxminən 15 faiz ucuzlaşmışdı.
Qəhvə ilin əvvəlində 3,48 dollar səviyyəsindən ticarət olunsa da, iyun ayında qiymət 2,38 dollara qədər geriləmişdi. Daha sonra bazarda vəziyyət dəyişib və iyun ayı 11,62 faiz artımla 2,96 dollar səviyyəsində başa çatıb. İyul ayında isə yüksəliş davam edib və qəhvənin bir funtunun qiyməti 3,57 dollara çataraq son altı ayın maksimumunu yeniləyib. Bu ilin ən yüksək göstəricisi isə yanvarın 28-də qeydə alınmışdı. Həmin vaxt qiymət 3,72 dollara qədər yüksəlmişdi.
Əmtəə və fyuçers bazarları üzrə ekspert Zafer Ergezen bildirib ki, iyun ayından etibarən El-Ninyo hava hadisəsinin təsiri hiss olunmağa başlayıb. Onun sözlərinə görə, bu proses xüsusilə Cənubi Amerika və Cənub-Şərqi Asiyada hava temperaturunun yüksəlməsi və yağıntıların azalması ilə müşayiət olunur.
Ekspert qeyd edib ki, Braziliya dünyada "Arabica", Vyetnam isə "Robusta" növlü qəhvənin ən böyük istehsalçısı və ixracatçısıdır. Həmin ölkələrdə temperaturun yüksəlməsi qəhvə ağaclarının çiçəklənməsini zəiflədir ki, bu da gələcək məhsuldarlığın azalacağına dair gözləntiləri gücləndirir.
Zafer Ergezenin sözlərinə görə, El-Ninyo hadisəsinin təsirinin 2027-ci ilin ilk rübünə qədər davam edəcəyi proqnozlaşdırılır. Bu isə növbəti mövsümdə də qəhvə istehsalı ilə bağlı riskləri artırır və qiymətlərə yüksəliş təzyiqi göstərir.
Ekspert əlavə edib ki, son dövrlərdə investorların qəhvə bazarına marağı da artıb. Xüsusilə ETF-lər vasitəsilə qəhvə üzrə investisiya mövqelərinin çoxalması qiymətlərin yüksəlməsini dəstəkləyən əsas amillərdən biri hesab olunur.
Günay
Şərhlər