ABŞ dövlət katibi Entoni Blinkenin özünün "Twitter" səhifəsində verdiyi məlumata görə, ötən günü onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
"Azərbaycan Prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləmənin vacibliyi haqqında danışdım.
Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdim”, - deyə dövlət katibi qeyd edib.
Bu açıqlamadan göründüyü kimi, Blinkenin Azərbaycan dövlət başçısı ilə danışığında əsasən iki məsələ - Cənubi Qafqazda sülh və Ukrayna məsələsi müzakirə predmeti olub.
Qeyd edək ki, sülhə nail olmaq istiqamətində Azərbaycanın Ermənistana təqdim etdiyi 5 maddəlik sənədə cavab olaraq, İrəvan da bu günlərdə 5 maddəlik cavab təqdim edib. Buradan görünür ki, Ermənistan ATƏT-in Minsk qrupunu da sülh danışıqları prosesinə cəlb etmək istəyir. Hansı ki, bu qurum 27 illik fəaliyyəti dövründə Qarabağ münaqişəsinin həlli istiqamətində bir dəfə də olsun real addım atmayıb. Onun bu vəzifəsini Azərbaycan Ordusu öz gücü ilə həll edib. Hətta 44 günlük müharibə zamanı da Minsk qrupu obyektivlik nümayiş etdirmədi. Lakin buna baxmayaraq, İrəvan Qərbin istəyilə oturub-duraraq hər fürsətdə ATƏT-in Minsk qrupunun prosesə cəlb olunmasına çalışır. İrəvan münaqişədən sonra yaranan və özünün ziyanına olan prosesi müəyyən dərəcədə dəyişmək niyyətindədir və o, bu istəyinin baş tutmasına yardımçı olacaq qüvvə qismində məhz ATƏT-in Minsk qrupunu görür.
Əslində, ABŞ da Minsk qrupunun aktivləşməsində maraqlıdır. Belə ki, Moskvanın 44 günlük müharibə dövrü və ondan sonrakı proseslərdə bölgədə oynadığı rolu nəticəsində Minsk qrupunun üzvü olan Fransa və ABŞ taymaut vəziyyətinə düşüblər. Bu vəziyyətdə Vaşinqtonla Paris prosesdən demək olar ki, kənarlaşdırılıblar. Ona görə də Qərb İrəvan vasitəsilə ara-sıra bu kimi məsələləri gündəmə gətirməklə yenidən Minsk qrupunu canlandırmağa çalışır.
Çox güman ki, Blinken Azərbaycan Prezidentilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləməyin vacibliyindən danışarkən də məhz ATƏT-in Minsk qrupunun prosesə cəlb edilməsini önə çəkib.
Ukrayna məsələsində isə ola bilsin, Blinken Bakıdan Kiyevə daha ciddi dəstək verilməsini, hətta Rusiyaya qarşı sanksiyalara qoşulmasını da istəyib.
Rüfət Sultan