"ABŞ başda omaqla Qərbin Rusiyada mart ayında keçiriləcək prezident seçkilərilə bağlı mövqeyi indidən bəllidir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev kollektiv Qərbin Rusiyada olacaq prezident seçkilərinin nəticələrini tanıyıb-tanımayacağı barədə suala cavabında deyib.
Arif Əliyev bildirib ki, seçkilərin qiymətləndirilməsi təkcə seçki günü baş verən hadisələrdən asılı deyil:
"Seçkiqabağı mühitin qiymətləndirilməsi ona bəlkə də həlledici təsir göstərir. Bu mənada Qərbin Rusiyadakı seçkçiqabağı mühitlə bağlı rəyi birmənalıdır. Rusiyada keçiriləcək seçkinin nəticələri əslində indidən bəllidir. Amma bütün hallarda həmin seçkinin nəticələrindən asılı olmayaraq, Qərb indidən Rusiyadakı həmin proseslə bağlı münasibəti, hesabatı formalaşdırmağa hazırdır. Bu mənada aydın məsələdir ki, Qərbin Rusiyada keçiriləcək prezident seçkilərilə bağlı və seçkiqabağı mühitin qiymətləndirilməsində hansısa bir fərqli mövqe sərgiləyəcəyini gözləmək olmaz".
Qeyd edək ki, Rusiyada martda keçiriləcək prezident seçkilərində namizədlərin sayı çox olsa da, birmənalı şəkildə seçkinin favoriti hazırkı prezident Vladimir Putindir. Onun əsas rəqibi olan Aleksey Navalnının həbsi fonunda Putinə qarşı mübarizədə hazırda ciddi alternativlər yoxdur.
Rüfət Sultan