Xəbər lenti

Qərbin qorxulu yuxusu: Nüvə əmmaməli İran mollaları (ARAŞDIRMA)
Dünya06:00 11.04.2013

Qərbin qorxulu yuxusu: Nüvə əmmaməli İran mollaları (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qafqaz ÖMƏROV

İran və "Altılıq" ölkələri arasında keçirilən danışıqların daha biri nəticəsiz şəkildə Qazaxıstanın Alma-Ata şəhərində başa çatdı. İlah hekayəsinə bənzəyən İranın qalmaqallı "nüvə proqramı" artıq 1992-ci ildən BMT-nin gündəmindən düşmür. 

Başda İsrail və ABŞ olmaqla Qərbin aparıcı dövlətləri İslam inqilabından bu yana İranı öz "nüvə proqramından" əl çəkməyə məcbur etmək üçün bütün mümkün təzyiqlərdən istifadə ediblər. Son yol olaraq İrana hərbi müdaxilə qalır. Artıq son bir neçə ilin əsas gündəm məsələsi bu məsələdir, yəni İrana hərbi təzyiq və müdaxilə...

Son Alma-Ata görüşündən sonra İran təmsilçisi Səid Cəlili İranın uranı zənginləşdirmək hüququnu özündə saxladığını, əgər nüvə silahı əldə etmək bir qəbahətdirsə, onda məntiqlə dünyada heç bir ölkənin bu silaha sahib olmamasını deyib. Görüşdən sonra ABŞ-ın dövlət katibi Con Kerri isə öz bəyanatında "İranla danışıqların əbədiyyətə qədər davam etməyəcəyini" vurğulayıb. Bütün bunlar yerləşdiyimiz regionun "barıt çəlləyi" üzərində oturduğunu bir daha təsdiq edir. Gəlin birlikdə İranın nüvə proqramı və onun ətrafında cərəyan edən hadisələrə nəzər salaq və 1979-cu ildən bəri düyünə düşmüş bu problemin tarixini, yaranma səbəblərini gözdən keçirək. Və məhz bu kontekstdə ölkəmizin də yerləşdiyi bu regionda toqquşan böyük maraqların toqquşmasının nəyə gətirib çıxaracağını analiz edək.

İranın nüvə proqramını ABŞ hazırlayıb 

Proqram 1967-ci ildə ABŞ tərəfindən İranın o dövrki şahı Rza şah Pəhləviyə təqdim edilib. Proqramda 5 meqavatt gücündə bir atom reaktorunun qurulması nəzərdə tutulurdu. Daha sonralar bu reaktorun qurulmasına Almaniya və Fransa mütəxəssisləri də cəlb edilmişdilər. 1970-ci ildə İran şahlığı nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşulub və bu qanunu İran parlamenti ratifikasiya edib.

1974-cü ildə İranda atom enerjisi təşkilatı yaradılıb. Bu təşkilatın hazırladığı plan əsasında ümumi dəyəri 30 milyard dollar olan 23 nüvə reaktorunun qurulması nəzərdə tutulub. O dövrün ən nəhəng layihələrindən biri olan bu layihənin işlənməsi üçün ABŞ və Qərbi Avropa ölkələrindən olan mütəxəssislərin köməyindən istifadə olunması planlaşdırılıb. Proqramın 25 il müddətində həyata keçirilərək başa çatdırılacağı güman edilirdi. Amma Rza şahın 1974-cü ilin ortalarında "İran nüvə silahına mütləq malik olacaq" bəyanatı, proqramın realizə edilməsini bir az uzatdı. Daha sonra ABŞ-ın təzyiqi altında dediyi sözləri geri götürən Rza şah İranın nüvə proqramının yalnız dinc məqsədlərə xidmət etdiyini bildirməsi bu istiqamətdə işlərin aparılmasına təkan verdi.

Həmin il, yəni 1974-cü ildə İran Almaniya və Fransadan dörd nüvə reaktoru satın aldı. 1977-ci ildə Tehran Almaniyadan "Siemens KWU" isehsalı olan daha dörd reaktor alır. 1978-ci ildə isə İran ABŞ-dan 5 mrqavatt gücündə atom araşdırma mərkəzini satın alır və bundan sonra İranın nüvə proqramı getdikcə sürətlə həyata keçməyə başlayır.

İslam inqilabı

1979-cu ildə İranda baş verən İslam İnqilabı Rza şahın bu arzusunu ürəyində qoyur. Hakimiyyətə gələn İslam hökuməti nüvə proqramının dondurulduğunu elan edir. İnqilab rəhbəri Xomeynin yüz minlərlə insanın qarşısında etdiyi çıxışlar isə nəinki İranın, hətta bütünlükdə Müsəlman Şərqindəki hərbi-siyasi vəziyyəti kökündən dəyişir. Ayətullah Xomeyninin söylədiyi "Gələn ilin ilk iftarını Qüdsdə açacağıq İnşallah!" sözləri, regionu alovlanan müharibənin cənginə atır. Belə ki, heç bir səbəb bildirmədən İraq ordusu sərhədboyu qəflətən İrana hücuma keçir. Hələ yerini möhkəmlətməmiş İranın İslam hökuməti xaricdən İraq ordusunun, daxildən isə MKİ və MOSAD-ın terror müharibəsi ilə üz-üzə qalır. 

1988-ci ilə qədər davam edən qanlı müharibədə hər iki tərəfdən bir milyona yaxın insanın öldüyü bildirilir. 9 il davam edən müharibənin nəticəsi çox ağır oldu. Ancaq İranın silah embarqosunda olmasına, İraqa isə bütün ərəb dünyasının və o cümlədən SSRİ-nin yardım etməsinə baxmayaraq 1988-ci ildə İran ordusunun Bağdadın 18 kilimetrliyinə çatdı. İraqın məğlub olduğunu görən Qərb tez-tələsik BMT-nin geniş iclasını çağıraraq hər iki tərəfi sülhə səslədi. Doqquz il davam edən müharibə dövründə sülhü düşünməyən Qərb, ABŞ başda olmaqla müharibənin dayandırılması üçün bütün imkanlarını səfərbər etdilər. Nəticədə hər iki tərəf öz sərhədlərinə geri çəkildi və Səddamın başladığı mənasız və məntiqsiz, iki milyon müsəlmanın qanını axıdan müharibə bitdi.

Nüvə proqramının bərpası

Müharibədən sonra özünü toparlayan İran 1992-ci ildə Rusiya ilə yarımçıq qalmış nüvə proqramını bərpa etmək üçün müqavilə imzaladı. 1995-ci ildə Rusiya Buşir şəhərindəki AES-nın birinci blokunun tikintisini başa çatdırdı. Bu blokun tikintisinə görə Rusiyanın "Rosatomstroyeksport" şirkəti 1 milyard dollar qazandı. O zaman iqtisadi böhranla boğuşan Rusiya üçün bu çox böyük bir məbləğ idi. Buşir AES-in tikintisindən sonra ABŞ İranın nüvə proqramının irəlilədiyini görüb bu ölkəyə iqtisadi sanksiyalarını sərtləşdirdi. İsrailin gecə gündüz vay-şivən, haray-həşir qopartması isə ABŞ-ı lap çaş-baş salaraq Yaxın Şərq böhranının dərinləşməsinin qarşısını almağa maneəçilik törətməyə sövq etdi. 

Nəticədə Buş admistrasiyası dövründən "gündəmə gələn" Vaşinqton-Təl-Əviv münasibətləri Obamanın hakimiyyəti dövründə daha da dərinləşməyə başladı. ABŞ-ı İrana hücum etməyə məcbur edə bilməyəcəyini görən İsrail bu işi özünün həyata keçirəcəyini dəfələrlə bəyan etsə də, bu addımı atmağa heç vaxt cürət etmədi. İranın nüvə proqramının sürətlənməsi haqqında yayılan ən xırda xəbər belə İsrail tərəfindən isteriya ilə qarşılanmaqda davam edir. 

Xomeyninin söylədiyi, İranı Qərbə düşmən edən o tarixi fraza isə İranın sanki dövlət proqramının əsasını təşkil edir. İnqilab rəhbərindən prezidentə və nazirlərə qədər bütün İran rəsmilərinin tez-tez təkrar etdikləri "İsraili yer üzündən siləcəyik!" bəyanatı isə yəhudi dövlətinin və yəhudi milyarderlərinin bir az da ABŞ-a düşmənçilik hisslərini artırmaqdadır.

1998-ci ildə "Rosatom" Buşir AES-in geridə qalan bloklarının tikintisinə başlayır. 2000-ci ildə Rusiya rəhbərliyi ABŞ-a tikintinin və İranla hərbi sahədəki əməkdaşlığın dayandırıldığı haqda zəmanət verir. 2001-ci ildə Hatəminin Moskvaya səfərindən sonra İran və Rusiya arasındakı əlaqələr və hərbi əməkdaşlıq bərpa edilir.

2003-cü ildə ABŞ yenidən dünyanı ayağa qaldıraraq İranın böyük sürətlə atom silahına yiyələndiyini bəyan edir. "Əgər qarşısı alınmasa İran bir neçə ilə nüvə silahına malik olacaq",  - deyə bəyanat verən ABŞ rəsmiləri Beynəlxalq atom enerjisi təşkilatının əməkdaşlarının İrana buraxılması və ölkənin nüvə mərkəzlərində təftiş aparmasına şərait yaratmasını Tehrandan tələb edir. Təşkilatın müfəttişləri yoxlamalardan sonra İranda bir, ABŞ-da isə başqa bəyanatlar verməyə başlayırlar. Beləliklə, İranla ABŞ arasında qalmaqal daha da qızışır.

Haşiyə: Xatırlatmaq istəyirik ki, ABŞ dünyada üç müttəfiqinə kütləvi qırğın silahı əldə etmək üçün yardım göstərib. Bunlar İsrail, Pakistan və Səudiyyə Ərəbstanıdır. İsrailin nüvə proqramını həyata keçirməsinə yardım göstərən Qərb onu ərəb qonşularından sığortalayıb. SSRİ-nin köməyi ilə nüvə silahı əldə edən Hindistana qarşı tarazılığı qorumaq üçün isə ABŞ Pakistana nüvə silahı əldə etmək üçün uranı saflaşdırmağa yardım etdi. Özünün iqtisadi gücünün ən əsas qarantı olan Səudiyyə Ərəbistanına isə ABŞ neytron bombası verdi. İsrailə etdikləri köməyə rəğmən Səudiyyə Ərəbistanın Vaşinqton üçün nə qədər əhəmiyyətli olduğunu ABŞ-ı idarə edən güclər bu addımları ilə kral ailəsinə sübut etməyə çalışdılar. İqtisadi gücünün qarantı dedikdə isə qeyd etmək istəyirik ki, Səudiyyə Ərəbistanı başda olmaqla körfəz ölkələri olmasa, ABŞ dolları dünyaya meydan oxuya bilməz. Bu valyutanı qiymətdə saxlayan ərəblərin dünya bazarına çıxardıqları nefti məhz dollara satmalarıdır. Hazırda ABŞ-ı iqtisadi cəhətdən çökdürmək ərəblərin əlində su işmək qədər asan bir şeydir. Amma... 

P.S. Qeyri-rəsmi məlumatlara görə İran artıq nüvə silahına malikdir. Bunu bəzi ekspertlər də təsdiq edirlər. Fikirlərini isə onunla əsaslandırırlar ki, əgər İranın nüvə silahı olmasaydı ABŞ və satellitləri çoxdan bu ölkəni bombalayardılar. Deməli, İranın kütləvi qırğın silahı var və buna görə də ondan çəkinirlər. Amma digər tərəfdən, əgər İran bu silaha malik olsaydı, heç yubanmadan böyük bir təntənə ilə onun sınağını keçirərdi. İstənilən halda regionda vəziyyət kritikdir. Hadisələrin gedişi onu göstərir ki, nə qədər İran məsələsi birdəfəlik həll olunmayıb ABŞ, İsrail və onların müttəfiqləri hər gecə yuxularında "nüvə başlıqlı", "atom əmmaməli" İran mollarını görəcəklər. Yuxuları şirin olsun...

Qaynar.info