Meksika hökuməti gələn ay Qətardə keçiriləcək dünya çempionatındakı qadağalarla bağlı azarkeşlərə xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, meksikalı fanatlar dünya çempionatlarının ən maraqlı azarkeşlərindən sayılır. Onlar xüsusən də ənənəvi "şarro" papaqları, "Celito Lindo" mahnısının oxunması, həmçinin rəngarəng maskaları ilə fərqlənirlər. Meksika hökuməti isə Qətər 2022-nin Təşkilat Komitəsinin azarkeşlərin bu ənənəsinə qoşulmayacağını, onların stadionlarda maska taxmasına icazə verilməyəcəyini açıqlayıb.
Meksika Xarici İşlər Nazirliyinin strategiya və ictimai diplomatiya direktoru Alfonso Zaqbe ESPN-ə açıqlamasında azarkeşlərə Meksika, Polşa, Argentina və Səudiyyə Ərəbistanı ilə baş ttutacaq qrup matçlarında maska taxmamaq barədə xəbərdarlıq edib. O, açıqlamasında "Təşkilat Komitəsinin son yeniləməsinə əsasən maskalara icazə verilməyəcək. Bəzi maskaların istifadə oluna biləcəyini soruşduq və bizə problem görmədiklərini söylədilər. Biz mürəkkəb bir bölgədə, Yaxın Şərqdəyik. Bunu unutmayaq. Ona görə də son qərarla maskalar qadağan edilib" - sözlərini söyləyib.
Meksika rəsmisi maska qadağası ilə yanaşı, turistlər üçün başqa məhdudiyyətlərin də olduğunu bildirib. O, Təşkilat Komitəsinin dünya çempionatı zamanı nikahdankənar münasibətlər və ya ictimai yerlərdə spirtli içki içmək kimi qadağalar tətbiq etdiyini də açıqlayıb.
Qətərin ev sahibliyi edəcəyi 22-ci dünya çempionatı noyabrın 20-də Qətər və Ekvador milliləri arasında keçiriləcək açılış oyunu ilə başlayacaq. Turnirin final matçı dekabrın 18-də baş tutacaq.
Mundial 5 şəhərin 8 stadionunda oynanılacaq.
Səbuhi Həsənov
Şərhlər