Kolon xərçənginin (yoğun bağırsaq) gənclər arasında epidemiya sürətilə yayılması ilə bağlı xəbərlər son dövrlər gündəmdən düşmür. Mütəxəssislərin uzun müddətdir xəbərdarlıq etdiyi bu artım tendensiyası çox qısa zaman ərzində ən yüksək səviyyəyə çatıb.
Qaynarinfo xəbər verir ki, kolon xərçəngi ABŞ-də 50 yaşdan aşağı şəxslər üçün rəsmi olaraq xərçəngdən ölümün əsas səbəbi hesab olunur. Daha da narahatedici məqam isə bu dəyişikliyin xərçəng tədqiqatçılarının gözlədiyindən xeyli sürətlə baş verməsidir.
Son on ildən artıq müddətdə gənc yetkinlər arasında xərçəngdən ölümlərin əsas səbəbi süd vəzi xərçəngi idi. Ondan əvvəlki illərdə isə bu siyahıya ağciyər xərçəngi başçılıq edirdi. 2023-cü ilə aid yeni məlumatlar kolon xərçənginin süd vəzi xərçəngini geridə qoyduğunu göstərir.
Yanvarın 22-də JAMA jurnalında dərc olunan hesabatın aparıcı müəllifi, Amerikan Xərçəng Cəmiyyətinin epidemioloqu Rebekka Siqel "Business İnsider”ə açıqlamasında bu dəyişimin sürətinin onu çox təəccübləndirdiyini bildirib.
1990-cı illərin ortalarına qədər kolon xərçəngi 50 yaşdan aşağı insanlarda beyin xərçəngi, leykoz, ağciyər və süd vəzi xərçəngi ilə müqayisədə xeyli az ölümcül sayılırdı. Lakin 2021-ci ildə ABŞ Profilaktik Xidmətlər üzrə İşçi Qrupu risklərin dəyişdiyini nəzərə alaraq kolon xərçəngi üçün skrininq yaşını 50-dən 45-ə endirib.
50 yaşdan aşağı işlək yaş qrupunda kolon xərçəngi səbəbindən ölənlərin ümumi sayı hələ də nisbətən azdır. Amerikan Xərçəng Cəmiyyətinin hesablamalarına görə, 2023-cü ildə bu yaş qrupunda təxminən 3 750 nəfər kolon xərçəngindən həyatını itirib.
Lakin Siqelin "sevindirici xəbərlər” adlandırdığı digər dörd əsas xərçəng növündən fərqli olaraq, gənclər arasında kolon xərçəngi ilə bağlı tendensiya mənfi istiqamətdə inkişaf edir. Aqressiv müalicələrə baxmayaraq, 50 yaşdan aşağı şəxslərdə kolon xərçəngi üzrə ölüm göstəriciləri artmaqda davam edir.
Xüsusilə 1950-ci ildən sonra doğulan nəsilləri təsir edən və sonrakı nəsillərdə erkən yaşda və sürətli kolon xərçəngi riskini artıran unikal bir vəziyyətin formalaşdığı müşahidə olunur.
2014-cü ildən etibarən kolon xərçəngi 50 yaşdan aşağı kişilər arasında ağciyər xərçəngini geridə qoyaraq xərçəngdən ölümlərin əsas səbəbinə çevrilib. Süd vəzi xərçəngi isə 2023-cü ilə qədər bu yaş qrupunda ümumi göstəricilərdə birinci yeri qoruyub saxlamışdı.
Mütəxəssislər kolon xərçənginin 2030-cu ildən əvvəl 50 yaşdan aşağı bütün şəxslər üçün xərçəngdən ölümlərin əsas səbəbi olacağını proqnozlaşdırırdı. Lakin artımın sürəti ən təcrübəli onkoloqları belə təəccübləndirib.
Siqel bildirib ki, təxminən 20 il ərzində beşinci yerdən birinci yerə yüksəlmək xərçəng araşdırmaları baxımından tipik hal deyil və bu dəyişimin bir insanın gənc yetkinlik dövrü ərzində baş verməsi xüsusilə diqqətçəkicidir.
Bu sürətli dəyişikliyin tək bir səbəbi yoxdur. səbəblərdən biri aqressiv kolon xərçəngi hallarının artmasıdır. Eyni zamanda həkimlərin digər ölümcül xərçəng növlərinin müalicəsi və qarşısının alınması sahəsində daha uğurlu olması da bu statistikanı dəyişib. Əlavə olaraq tütün məhsullarının istifadəsinin azalması ağciyər xərçəngi səbəbindən ölümlərin ciddi şəkildə azalmasına gətirib çıxarıb.
Kişilər statistikadan çıxarıldıqda isə süd vəzi xərçəngi hələ də 50 yaşdan aşağı qadınlar arasında xərçəngdən ölümlərin əsas səbəbi olaraq qalır. bununla belə, 1990-cı illərin ortalarından etibarən süd vəzi xərçəngindən ölən qadınların sayı hər il sabit şəkildə azalır.
Mütəxəssislər kolon xərçəngi səbəbindən ölüm hallarının niyə bu qədər artdığını tam olaraq izah edə bilmirlər. Lakin ətraf mühit şəraiti, genetik amillər və körpənin ana bətnində və doğulduqdan sonrakı ilk aylarda məruz qaldığı erkən həyat faktorlarının birgə təsiri ehtimal olunur.
Kolon xərçənginin qarşısının alınması ilə bağlı əsas tövsiyələr sağlam qidalanma və kifayət qədər fiziki aktivlikdir. Bu amillər hələ də mühüm rol oynasa da, problemin yalnız bununla məhdudlaşmadığı vurğulanır.
Şans faktoru, nəfəs aldığımız hava, qəbul etdiyimiz qidalar və gündəlik hərəkətlilik səviyyəsi qədər təsirli görünür. Məsələn, eyni genetik quruluşa malik əkizlərdən biri kolon xərçənginə tutulduğu halda, digərində heç bir əlamət müşahidə olunmaya bilər.
Keçmişdə gec mərhələli və aqressiv kolon xərçəngi səbəbindən bir çox gənc xəstəni itirmiş onkoloq dr. Tim Kannon "Business İnsider”ə açıqlamasında bunun hələ də təsadüfi xarakter daşıyan bir vəziyyət olduğunu bildirib.
Gənc kolon xərçəngi xəstələri arasında ən kəskin artım 20–30 yaş aralığında, yetkinliyə yeni qədəm qoymuş şəxslər arasında qeydə alınır. Dana-Farber Xərçəng İnstitutunun erkən başlanğıclı kolorektal xərçəng mərkəzinin direktoru dr. Kimmie Nq bildirib ki, bu xəstələr daha çox müalicə alırlar, lakin daha uzun yaşamırlar.
Mütəxəssislərin əsas tövsiyələrindən biri 45 yaşına çatan hər kəsin kolonoskopiya müayinəsinə başlamasıdır. Çünki kolonoskopiya təkcə diaqnostik yoxlama deyil, eyni zamanda xərçəng yaranmazdan əvvəl xərçəngönü poliplərin aradan qaldırılmasına imkan verən üsuldur.
Yaşıl yarpaqlı tərəvəzlər, digər tərəvəzlər və tam taxıllar kimi liflə zəngin qidaların bol istehlakı, eləcə də nəcisdə qan və ya həftələrlə keçməyən qarın ağrısı kimi əlamətlər zamanı dərhal həkimə müraciət etmək əsas profilaktik tədbirlər sırasında göstərilir.
Aydın
Şərhlər