Xəbər lenti

Qrenlandiya sakinlərinə 1 milyonluq vəd: Bu, realdırmı?
Dünya 15:05 22.01.2026

Qrenlandiya sakinlərinə 1 milyonluq vəd: Bu, realdırmı?

"Trampın Qrenlandiya məsələsində israrlı olduğu bilinsə də, hər bir ada sakininə 1 milyon dollar verilməsi yolu ilə ərazinin satın alınması ideyası fantastikadır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı əldə etmək məqsədilə hər bir ada sakininə 1 milyon dollar vəd etməsi ilə bağlı yayılan məlumatları şərh edərkən bildirib. 

Ekspertin sözlərinə görə, 57 min sakinin hər birinə 1 milyon dolların ödənilməsi real deyil: 

"Donald Trampın Qrenlandiya ilə bağlı planlarında ciddi olduğu artıq heç kimdə şübhə doğurmur. Məsələnin NATO çərçivəsində, eləcə də Avropanın aparıcı dövlətləri ilə ABŞ arasında müzakirə olunması bunu bir daha təsdiqləyir. Lakin hər bir ada sakininə 1 milyon dollar ödənilməsi müqabilində adanın pulla satın alınması fikri fantastikadır. 57 min nəfərə bu məbləğdə vəsaitin ödənilməsi son dərəcə böyük rəqəmdir və bu pulu Trampın öz şəxsi sərvəti hesabına ödəməsi də mümkün deyil".
 


Politoloq hesab edir ki, ABŞ-ın qanunverici orqanları da bu təşəbbüsə qarşı çıxacaq: 

"Söhbət dövlət büdcəsindən ayrılacaq vəsaitdən gedir. Bu halda Konqresin hər iki partiyadan olan senatorları və Nümayəndələr Palatasının üzvləri Trampın bu planına ciddi müqavimət göstərəcəklər. Hətta belə bir təşəbbüs Trampın siyasi hakimiyyətinin sonunu belə gətirib çıxara bilər. Adanın inkişafı və ABŞ-a inteqrasiyası üçün müəyyən maliyyə vəsaitinin ayrılması mümkündür. Amma hər bir ada sakininə 1 milyon dolların verilməsi nə effektiv mexanizmdir, nə də realdır. Vəsaitin özü də fantastik məbləğdir. Bu səbəbdən ideyanı real hesab etmirəm. Tramp sadəcə olaraq, ada sakinlərini öz tərəfinə çəkmək üçün bu rəqəmi gündəmə gətirib".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı əldə etmək üçün müxtəlif vasitələrə əl atır. Bu vasitələrdən biri də ada əhalisini maddi maraq yolu ilə öz tərəfinə çəkmək cəhdidir. 

"Daily Mail” nəşrinin məlumatına görə, Qrenlandiya əhalisi ABŞ-a birləşməyə səs verəcəyi təqdirdə, adanın hər bir sakininə 1 milyon dollar verilə bilər. Məlumata əsasən, Donald Tramp adanın ABŞ-a qatılması müqabilində yerli əhaliyə bu cür təklif irəli sürmək niyyətindədir. Daha əvvəl isə Trampın hər bir ada sakininə 100 min dollar vəd etdiyi bildirilirdi. 

Xatırladaq ki, Danimarka Krallığının muxtar ərazisi olan Qrenlandiyada təxminən 57 min nəfər əhali yaşayır.

Rüfət Sultan
--> -->