
Futzal üzrə dünya çempionatının final mərhələsində çıxışını davam etdirən Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Juniorun (Miltinyo) və komandanın hücumçusu Oliveyra Villiams de Naşimentonun (Vassoura) Tailand yığma komandası ilə oyunöncəsi FİFA-nın təşkil etdiyi rəsmi mətbuat konfransında çıxış ediblər.
Qaynarinfo.Az orda səslənən ümumi fikirləri diqqətinizə çatdırır:
Milton Luis Ziller Junior: “Tailand qrup mərhələsində 6, biz isə 4 xal topladıq. Bilirik ki, 1/8 final mərhələsində bizi çətin oyun gözləyir. Şanslar bərabərdir. Tailand yığmasının Rusiya millisi ilə keçirdiyi oyunu izləmişik. Heyətlərində xüsusi qeyd edə biləcəyim iki futzalçı var. Biri 7 nömrədir. O, arxa xətdə çıxış edir. Digəri isə 9 nömrəli oyunçudur. Bu futzalçının həm sol, həm də sağ ayağı işləkdir. Komanda şəklində çox hərəkət edirlər. Qarşıda hələ 2 gün vaxtınmız var. Videoyazılara baxıb, daha yaxşı analiz edəcəyik. Çalışacağıq, faydalana biləcəyimiz cəhətləri tapaq. Eyni zamanda güclü tərəflərini öyrənək ki, ondan istifadə edə bilməsinlər, buna imkan verməyək. Məşqlərdə çatışmazlıqlarımız üzərində də işləyəcəyik”.
Oliveyra Villiams de Naşimento: “Dünya çempionatında iştirak edən braziliyalıların sayı çoxdur. Təbii ki, hər kəs seçimində azaddır. Azərbaycan mənim ürəyimdir, sevdiyim ölkənin uğur qazanması üçün hər zaman çalışıram. Tailand yığması ilə oyuna gəldikdə, asan oyun olmayacaq. Rəqibimizin hazırkı heyəti 4-5 ildir, bir yerdə çıxış edir. Bir növ son oyunda heç-heçə etdiyimiz İran kimi. Üstəlik, təcrübəli baş məşqçiləri var. Taktiki planda çox güclü mütəxəssisdir. Aut və kornerlər zamanı müxtəlif “ev tapşırığı” yerinə yetirirlər. 3 ilə yaxındır, bu komanda ilə birgə işləyir”.

Qeyd edək ki, ilk dəfə dünya çempionatında iştirak edən yığmamız Tailandla Bakı vaxtı ilə sentyabrın 22-dən 23-nə keçən gecə saat 02:30-da qarşılaşacaq.
Qaynarinfo.Az