
Avropa çempionatının qrup mərhələsində İtaliya yığmasının İrlandiyaya məğlubiyyəti hələ də müzakirə mövzusudur.
Qaynarinfo.az xəbər verir ki, bəzi azarkeşlər Türkiyə yığmasının ən yaxşı üçüncülər arasına düşməməyi üçün italyanların bilərəkdən məğlub olduğunu düşünürlər.
Maraqlıdır ki, Almaniyanın əfsanəvi qapıçısı Oliver Kan da bu fikirdədir. O, Almaniyanın ZDF telekanalında oyunla bağlı fikirlərini açıqlayarkən İtaliya yığmasının baş məşqçisi Antonio Kontenin bu məğlubiyyətlə Türkiyədən qisasını aldığını söyləyib: “Konte “Yuventus”a rəhbərlik edəndə 2013-cü ildə Turin klubu “Qalatasaray”a Uesli Sneyderin qolu ilə yenilərək (0:1) Çempionlar Liqasının qrupunda qalmışdı. Məncə, həmin matç məşqçinin yadından çıxmayıb və Konte türklərdən o oyunun qisasını İrlandiyaya məğlub olaraq aldı. Buraxılan qola diqqət yetirin. Qapıçı qəsdən boşa çıxdı. İtaliya rəsmən qələbə qazanmaq istəmədi”.
Qeyd edək ki, Türkiyə millisi D qrupunu 3-cü pillədə başa vursa da, ən yaxşı 4 komanda arasına düşə bilməyib və Avropa çempionatı ilə vidalaşıb.
Qaynarinfo.az