Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmayacağını müəyyənləşdirən referendumun nəticələri məlum olub. "Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib. Beləliklə, Britaniya Avropa İttifaqından çıxıb.
Bakı vaxtı ilə saat 13.00-da Britaniyanın baş naziri Devid Kemeron referendumun rəsmi nəticələri ilə bağlı bəyanatla çıxış edəcək.
Məlumata görə, 46 milyon 501 min 241 seçicinin 72 faizi səsvermədə iştirak edib.
"Avropa və Böyük Britaniya üçün kədərli gündür"."Report" BBC-yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Britaniyanın Avropa İttifaqından çıxıb-çıxmaması ilə bağlı keçirilən referendumun nəticələrini dəyərləndirərkən bildirib.
Almaniya kanslerinin müavini Ziqmar Qabriel isə "twitter" səhifəsində yazıb: "Lənət şeytana! Avropa üçün pis gündür".
Referendumun nəticələrini dəyərləndirən Finlandiyanın keçmiş baş naziri Aleksandr Stubb deyib: "Lütfən, mənə yatdığımı və pis yuxu gördüyümü deyin!".
Qeyd edək ki, referendumun nəticələrinə görə, seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faizi isə qalmasına səs verib.
Qaynarinfo.az