Xəbər lenti

"Lozannada işi udmaq şansımız 50/50-dir" - Rəşad Qasımov
İdman13:35 30.04.2016

"Lozannada işi udmaq şansımız 50/50-dir" - Rəşad Qasımov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum olduğu kimi, Bakının "İnter" klubu aprelin 26-da UEFA-nın "növbəti 3 mövsüm ərzindən 1-də avrokuboklardan uzaqlaşdırılma" ilə bağlı çıxardığı qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. UEFA 20 gün ərzində bu məsələyə rəsmi mövqe bildirməlidir. Məhz bundan sonra işlə bağlı məhkəmənin keçirilməsi tarixi CAS tərəfindən müəyyən ediləcək.

Qaynarinfo.az bu məsələ ilə bağlı "İnter"in prezidenti Rəşad Qasımovun fikirlərini öyrənib. Belə ki, maraqlısı budur ki, "İnter" aprelin 11-dək CAS-a müraciət etməli olsa da, 15 gün sonra apellyasiya şikayəti edib. "İnter"in prezidenti bunu belə izah etdi:

"Biz CAS-a aprelin 11-dən sonrakı 10 gün ərzində müraciət etməli idik. Daha sonra klubun bu müddəti 5 gün də uzatmaq hüququ vardı. Biz də bu hüququmuzdan yararlandıq və aprelin 26-da CAS-a müraciət etdik. İndi işlə bağlı UEFA-nın mövqeyini gözləyirik. Mayın 17-dək olan 20 günlük müddət bitir. Bizi CAS-ın Lozannadakı məhkəmə prosesində İsveçrədən olan hüquq şirkəti təmsil edəcək. Onlarla müqavilə bağlamışıq".

Rəşad Qasımov bu işdə qalib gəlmək şanslarının 50 faiz olduğunu bildirdi: "Heç bir hüquq şirkəti istər Azərbaycanda, istərsə də İsveçrədə 50 %-dən yuxarı işi udacağına dair təminat verə bilməz. Şanslarımız 50/50-dir. Axı bilinmir ki, qarşı tərəf hansı əsasları ortaya çıxarıb qoyacaq ki, orda bizim hüquqlarımız daha üstün olacaq. Biz bütün borclarımızı bağlamışıq. Bəlkə də heç bir klub belə etmədiyi halda, biz bunu etmişik. Ancaq cəza ona görə verilir ki, qanun pozulub. Məhkəmə deyə bilər ki, borcları ödəmisiniz, lap yaxşı, amma qoyulan müddət ərzində ödənilməyib deyə cəzalandırılmısınız. Həmçinin əksinə də ola bilər. Qərar çıxarıla bilər ki, borclarınızı ödədiyiniz üçün sanksiyadan azad olunursunuz. Hakimin qərarının indidən kimin xeyrinə olacağını biz deyə bilmərik. Qalib gəlmək şansımız 50/50-dir".

Qaynarinfo.az