
"Milli Düşüncə Mərkəzinin" üzvü Vaqif Hacıbəyli bölgədə və Azərbaycanda baş verən son hadisələrlə bağlı "Qaynarinfo.Az" saytına müsahibə verib. Müsahibəni təqdim edirik:
- Azərbaycandakı siyasi partiyaların aktivliyini necə dəyərləndirərdiniz?
- Musavat Partiyası istisna olmaqla sabit siyasi mexanizm kimi fəaliyyət göstərən başqa siyasi partiyalar Azərbaycanda mövcud deyil. Mən son dövrlərdə AXCP-nin və yaxud YAP-ın hər hansı tədbiri, yaxud hansısa məsələyə münasibəti barədə hər hansı məlumat görmürəm. Ayrı-ayrı siyasi liderlərin müəyyən açıqlamaları sosial şəbəkələrdə yayılır. Bu cür virtual fəaliyyət əlbəttə ki, partiyalılığı olmayan ayrı-ayrı bloggerlər tərəfindən də həyata keçirilir, amma buna görə heç kəs onları siyasətçi hesab etmir. Düzdür, indi yaydır, tətil dövrüdür, amma digər mövsümlərdə də Musavat Partiyası istisna olmaqla digər siyasi partiyaların fəaliyyəti əsasən formal xarakter daşıyır. Amma hesab edirəm ki, son dövrlərdə baş verən proseslərlə əlaqədar siyasi aktivlik artacaq. Artıq bunun əlamətləri görünməkdədir.
- Azərbaycan Prezidenti Konstitusityada dəyişikliklər edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu dəyişikliklərə münasibətiniz necədir?
- Ümumilikdə, Konstitusiyaya dəyişikliklərini vacib sayıram. Bu ilin əvvəlində ölkədə Konstitusiya İslahatları Hərəkatı yaradılmasını təklif etmişdim. Hətta bunun mexanizmini də xırda detallarına qədər işləyib hazırladım, bununla əlaqədar yarana biləcək bütün sualların cavabını verən bir layihə də ortaya qoydum. Mənə irad bildirdilər ki, siyasi proseslərdən uzaqlaşan adamları yenidən siyasi dövriyyəyə gətirməyə çalışıram, siyasi meyidləri diriltmək barədə təklif verirəm. Düşünürüəm ki, əvvəllər fəal olan adamların yenidən siyasi arenaya qayıtması ölkədə siyasi fəallığı artıra bilər. Başqa bir irad ondan ibarət oldu ki, mən məntiqli şəkildə AXCP-ni, digər qurumları tənqid edirəm, eyni zamanda həmin qurumlarla birgə fəaliyyətinin təşkilini təklif edirəm. Bəli, mən qeyri-sağlam siyasi mübarizə üsullarından istifadə edən istənilən qüvvəni tənqid edə bilərəm. Bununla bərabər, ölkəmizdə bütün siyasi qüvvələrin sağlam əsaslarla birgə fəaliyyətinə də tərəfdaram. Amma bu birliyin mənəvi əsası olmalıdır, həm də hər bir əməli fəaliyyətin konkret məqsədi olmalıdır.
Konstitusiya islahatları birgə əməli fəaliyyət üçün ciddi motivasiya mənbəyi ola bilər. Referendumla əlaqədar, iqtidar onsuz da istədiyini həyata keçirəcək, hazırkı şəraitdə bu prosesi əngəlləməyə çalışmaq Don Kixotluq olar.
Siyasi müxalifət öz siyasi mövcudluğunu təsdiq etmək istiqamətində indiki dekorativ siyasi fəaliyyətdən əl çəkib, real nəticələrə nail olmaq üçün konstitusiyaya edilməsi vacib olan dəyişikliklərlə bağlı təkliflərin qəbulu istiqamətində mübarizə aparmalıdır. Bu təkliflər həm seçki institutunun bərpasına, həm siyasi sistemin təkmilləşdirilməsinə, həm də Dağlıq Qarabağda təcavüzün nəticələrinin aradan qaldırılmasına xidmət etməlidir. Bu təkliflər, dediyim kimi, hazırdır. Sadəcə, bütün maraqlı tərəflərin sağlam siyasi məqsədlərlə bir masa ətrafına toplanıb, həmin təkliflərin müzakirəsinə hazır olması istiqamətində siyasi iradə nümayiş etdirməsi lazımdır. Mən bu ümummilli məsələdə hansısa formatda birliyin alınacağına nikbin yanaşıram.
- Türkiyədə baş verənlərə münasibətiniz necədir?
- Türkiyədə qiyam cəhdi yalnız bir halda, ABŞ və Rusiya bu prosesə birgə dəstək verəcəyi halda uğur qazana bilərdi. Qiyam cəhdi başlandığı anlarda bu ölkələrin xarici siyasət idarələrinin rəhbərləri Con Kerri və Sergey Lavrov birgə mətbuat konfransı keçirirdilər, Türkiyədə proseslərin konstitusiya çərçivəsində həllinə tərəfdar olduqlarını bildirdilər. Rəcəb Tayyib Ərdoğan dövründə avtoritar rejimin qurulmasına baxmayaraq, Türkiyə dövlətinin maraqları baxımından tamamilə düz olaraq ordunun bəzi səlahiyyətləri məhdudlaşdırıldı. Ərdoğandan əvvəl Türkiyə Silahlı Qüvvələri konstitusiya əsasında idarəetməni öz üzərinə götürmək səlahiyyətinə malik idi, Ərdoğanın dövründə referendumla bu səlahiyyətlər ordunun əlindən alındı. Bundan əvvəl hərbi çevrilişlər konstitusiya çərçivəsində həyata keçirilir, ordu "demokratiyaya nəzarət" funksiyasına əsasən idarəetməni öz üzərinə götürürdü. Bu anormallıq aradan qaldırıldığından, ordunun idarəetməyə müdaxiləsi legitim ola bilməzdi. Həmin vaxt Ərdoğanın təhlükəsiz yerdə olduğu və hökumətin də iş başında olduğu qeyd edildiyindən, mən səhərə qədər qiyamın tam iflasa uğrayacağı barədə açıqlama verdim. Bu vaxt TRT 1 kanalında qiyamçıların iqtidarın məhkəmə qarşısında cavab verəcəyi barədə açıqlaması səslənirdi. Doğurdan da hər şeyi dəqiq proqnozlaşdıra bildiyim kimi, xalqın mövqeyi həll etdi. Xalq hərbi diktaturanı rədd etdi.
- Amma Türkiyədə qiyamdan sonrakı proseslər birmənalı şərh olunmur...
- Qiyam cəhdi başa çatıb, amma meydanlarda "demokratiya növbətçiliyi" davam edir. Mən bu prosesi şərti olaraq "mədəni inqilab" kimi xarakterizə etmişəm. Bu prosesdə xalqın vəzifəsi elə "növbətçilikdən" ibarətdir. "İnqilab" yuxarıdan başlayıb, rejim öz əleyhdarlarını təmizləyir. Türkiyədəki xalq hərəkatını "islami hərəkat" kimi qəbul etmək meylləri, ərəb təfəkkürünün qalib gəldiyi kimi mülahizələr indi tez-tez eşidilir. Hazırda Türkiyədə bütün dövlət strukturlarında, təhsil müəssisələrində "total təmizləmə" əməliyyatı gedir, rejim öz əleyhdarlarını zərərsizləşdirir. Hərbi xunta tərəfdarları məğlub ediləndən sonra bu "paralelçilərdən təmizlənmə" əməliyyatı labüd idi. Çünki, "FETÖ-çular", "paralelçilər" uydurma qüvvə deyil, real qüvvədi, təhlükəlidi, sözdə "yurdda sülh" tərəgdarı, əməldə hərbi diktaturaya, zorakılığa qadirdilər. Bu təmizləmə prosesi cəmiyyət üçün də ağrılı bir prosesdir. Əlbəttə ki, vəzifəsindən alınan yüzlərlə yüksək rütbəli hərbçilərin heç də hamısı xain deyil, generalları polis şöbəsində alçaltmaq, döymək, başqa işgəncələr vermək sözsüz ki, biabırçılıqdı. Ancaq bütövlükdə xalqın, o cümlədən "atatürkçü" kəsimin bu prosesə hər hansı ciddi bir etirazı yoxdur, ola da bilməz. Çünki Türkiyədə "təmizlənmə"yə məruz qalan rejim əleyhdarları heç də sivil dövlət tərəfdarları, yəni "atatürkçü" dünyagörüşün daşıyıcıları deyillər. Əslinə qalsa, bu gün görəvdən alınan həmin təbəqə hələ on il əvvəl Ərdoğan rejiminin sosial bazasının əsasını təşkil edirdi.
İndi əsas məsələ budur ki, gedənlərin yerinə kimlər gələcək. Liberal islahatların ən porulyar arxitektorlarından biri olan Mixael Saakaşvili də "keçmiş kadrlardan tam təmizlənmə" prosesini islahatların müvəffəqiyyəti, korrupsiyadan qurtulmağın zəmini sayır və islahatlara təmizlənmədən başlayır, o cümlədən məhkəmə və prokurorluqda. Türkiyədə gedənlərin yerinə gənc, müstəqil kadrlar gələcəksə, bu proses ölkəni irəli aparacaq. Amma böyük ehtimalla belə olmayacaq. Təyinatlarda rejimə siyasi loyallığı olanlara üstünlük veriləcəksə, bu halda, Türkiyədə "mədəni inqilab"ın qalib gəlməsi və ölkənin həqiqətən tərəqqidən uzaqlaşıb, totalitarizmə meyllənməsı ehtimalı gerçəkləşə bilər.
- Türkiyədəki çevriliş cəhdindən sonra Azərbaycanda ANS telekanalı bağlandı, Qafqaz Universiteti ilə bağlı dəyişikliklər oldu. Sizcə, bu, düzgün qərarlar idimi?
- Qafqaz Universiteti və ANS ətrafında baş verən olaylarda hansısa yeni gəlişimlərin olacağını düşünürəm. Qafqaz Universiteti reytinqli təhsil ocaqlarından sayılırdı. Universitetin başqa bir ali məktəbin idarəçiliyinə verilməsindən sonra da bu səviyyənin qorunacağına ümid edirik. ANS-lə bağlı sosial şəbəkələrdə çoxlu sayda həqarətli şərhlərə rast gəlirəm və bu da həmin kanala ictimaiyyətin münasibətini göstərir. ANS hakim ailəyə birbaşa bağlılığı olmayan telekanal olsa da, indi heç kəs bu kanalı azad sözün tribunası kimi qəbul etmir.
Eyni zamanda, mənim yadımdadır ki, bütün çevrilişlərdə ANS çox çevik davranıb, hər iki tərəfə özünü loyal göstərsə də, sonda qalib olan tərəfin yanında olub. Türkiyədə hadisələr başlayanda da artıq NTV kanalı hərbi çevriliş cəhdi barədə məlumat verdikdən sonra efirə çıxan ANS-in müxbiri körpülərin bağlanmasını terror təhlükəsi ilə əlaqələndirdi. Yəni çox ehtiyatla davranırdılar. Bu halda, ANS müxbirinin Fətullah Gülənin mətbuat konfransına qatılmasının izahını tapmaq çətindir. Belə düşünürəm ki, bu kanal efirə qayıdacaq, amma bu indi ictimaiyyəti elə də maraqlandırmır.
Qızılgül
Qaynarinfo.Az