
"Neftçi"də 3 əcnəbi futbolçunun baxışda olduğunu xəbər vermişdik. Hər 3 futbolçu millilərin rəsmi oyunları ilə əlaqədar yaranmış fasilədə "Sumqayıt"la keçirilən yoxlama oyununda iştirak etmişdi.
Qaynarinfo.Az xəbər verir ki, latviyalı Aleksandr Fertov, braziliyalı Pessalli və monteneqrolu Boban Baykoviç "Kapital Bank Arena"da keçirilən görüşdə çox zəif təsir bağışlayıblar. Ümumiyyətlə, 0:1 uduzan "Neftçi" həmin görüşdə qeyri-kafi çıxış edib.
Bəs bu futbolçular haqda hansı qərar verilib? Əldə etdiyimiz məlumata görə, hər 3 futbolçu bir müddət də "Neftçi"də baxışda olacaqlar. Buna səbəb baş məşqçi Elxan Abdullayevin onları öz gözləri ilə görmək istəməsidir. Abdullayev həm də əsas millidə məşqçi işlədiyindən, bu futbolçuları iş başında görməyib. Köməkçisi İqor Getmanın fikirləri isə onun üçün əsas olmayıb. Bu üzdən bu 3 legionerin "Neftçi"nin baş məşqçisinin "gözünə girməsi" üçün daha bir şansı var.
Qeyd edək ki, "Neftçi"yə bu 3 futbolçunun baxışa gələcəyini ilk olaraq Qaynarinfo.Az saytı ictimaiyyətə çatdırıb.
Qaynarinfo.Az