
“ABŞ-ın sönük reaksiyası səbəbsiz deyil”
Ukrayna hadisələrinə münasibətdə Qərbin reaksiyası tənqid olunur. Respublikaçılar partiyası, demokratlar və onların liderləri Barak Obamanı tənqid edirlər ki, onun bu hadisələrə reaksiyası çox sönükdür və hətta 2016-cı ildə ABŞ-da hakimiyyətə gəldikdən sonra Rusiyaya qarşı hansı sanksiyaların, hansı təsir gücünün göstərilməsinin lazım olduğunu sübut edəcəklərini bəyan edirlər.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq, professor Elman Nəsirov Ukrayna hadisələrində Qərbin hansı səbəbdən yumşaq davranış nümayiş etdirməsi ilə bağlı maraqlı məqamlara toxunub.
Qaynar.info-nun aktual.az-a istinadən məlumatına görə politoloq qeyd edib ki, vaxtilə Bzejinskinin ABŞ prezidenti Cimi Karterə verdiyi məsləhətlər bu gün Ukrayna hadisələrinə münasibətdə Qərbin mövqeyində hiss olunur: “Bzejinski Barak Obamanın seçki kampaniyasında xarici siyasət məsələləri üzrə müşaviri, köməkçisi idi. O, bu gün də indiki administrasiya ilə işləyir, iqtidara xidmət edir, müəyyən tövsiyələr verir. İndiki vəziyyətdə mənə elə gəlir ki, Bzejinski doktrinasını yada salmaq yerinə düşər. 1979-cu ildə Sovet qoşunları Əfqanıstana girəndə ABŞ prezidenti Cimi Karter özünün təhlükəsizlik məsələləri üzrə müşaviri Bzejinskini yanına çağırıb mövcud vəziyyətdə hansı addım atmaq lazım olduğunu soruşur. O təklif edir ki, biz indiki vəziyyətdə etiraz edək hakimiyyətdəkiləri pisləyək və öz narazılığımızı ifadə edək. Amma onu elə kəskin etməyək ki, Sovet İttifaqı qorxaraq Əfqanıstandan qoşunlarını çıxartsın. Bunu ele yumşaq şəkildə edək ki, Sovet İttifaqı bizi, əksinə, saymasın və Əfqanıstana daha da irəliləsin. İçəri getdikcə bataqlığa düşəcək və bir gün bu Sovet İttifaqının dağılmasına gətirib çıxaracaq. Onun proqnozları özünü doğrultdu. 1979-cu ildə Sovet qoşunları Əfqanıstana girdi, 1989-cu ildə oranı tərk etdi, 2 il sonra, 1991-ci ildə isə Sovet İttifaqı dağıldı”.
E.Nəsirov hesab edir ki, Bzejinski Ukrayna hadisələrində də Obamanın administrasiyasına tövsiyələr verir: “Bəlkə də, indi ABŞ yumşaq sanksiyalar tətbiq etməklə, Rusiyanın işini bir qədər də çətinləşdirmək istəyir. Yəni Rusiya görsün ki, təzyiqlər zəifdir, Ukraynanın içərilərinə daxil olsun, cənub-şərq hissəsini tutsun. Belə vəziyyətdə isə Rusiya əleyhinə, son dərəcə, güclü beynəlxalq ictimai təbliğat-təşviqat kampaniyasına başlasınlar. Belə vəziyyətdə beynəlxalq təzyiq mexanizmlərini işə salmaq üçün unikal imkan yaransın və iş o yerə çatsın ki, beynəlxalq ictimaiyyət Qərbdən, ABŞ-dan, Avropa İttifaqından tələb etsin ki, siz nə vaxta qədər bu avantüraya dözəcəksiniz. O halda beynəlxalq ictimai rəy formalaşdırıb Rusiyaya qarşı, son dərəcə, ciddi iqtisadi və maliyyə sanksiyalarını işə salmaq olar”.
Qaynar.info