Xəbər lenti

İdman 23:00 26.11.2025

"Real Madrid"i iki yerə bölən böhran: Kimlər baş məşqçiyə qarşı çıxır?

"Real Madrid"də son həftələrdə yaşanan xal itkiləri komanda daxilində ciddi gərginlik yaradıb. 

Qaynarinfo xəbər verir ki, Çempionlar Liqasında "Liverpul"a məğlub olduqdan sonra La Liqada ardıcıl iki qarşılaşmadan - "Rayo Vallekano" və "Elçe" səfərlərindən - heç-heçə ilə dönən Madrid təmsilçisi 4 xal itirib və ən yaxın izləyicisi "Barselona"nın təzyiqini hiss etməyə başlayıb. Liqada liderliyini qorumaqda davam edən "Real Madrid"də xal fərqinin birə enməsi klubda böhran mühitinin yaranmasına səbəb olub.

"El Partidazo de COPE" proqramında baş məşqçi Xabi Alonsonun komanda daxilində bir qrup oyunçunun dəstəyini itirdiyi bildirilib. Proqramda hansı futbolçuların baş məşqçidən razı və ya narazı olması müzakirə edilib, oyunçu qrupunun faktiki olaraq iki yerə bölündüyü vurğulanıb. Bu gərginliyə Vinisiusla bağlı yaşanan daxili problemin də əlavə olunduğu bildirilir.

Məlumata görə, Alonsonun əleyhinə çıxan futbolçuların siyahısında Federiko Valverde, Vinisius, Rodriqo, Brahim Dias, Endrik və Ferlan Mendi yer alır. Eduardo Kamavinqa ilə bağlı isə vəziyyətin qeyri-müəyyən olduğu qeyd olunur. Alonsonu dəstəkləyənlərin sırasında Dean Huysen, Alvaro Karreras, Tibua Kurtua, Arda Gülər və Klian Mbappe yer alır.

İspaniya mətbuatında həftə ərzində geniş müzakirə olunan digər mövzu "Real Madrid"in braziliyalı ulduzu Vinisius Juniorun klubdan ayrılma ehtimalıdır. Bildirilir ki, yeni müqavilə danışıqlarında maaş məsələsində tərəflər razılığa gələ bilmir və futbolçunun Xabi Alonso ilə çalışmaqdan narazı olduğu iddia olunur. Vinisius üçün həm Premyer Liqa klublarının, həm də Səudiyyə Ərəbistanı Liqasının yüksək məbləğli təkliflər hazırladığı qeyd edilir.

Bu arada, Alonsonun bu mövsüm uğursuz çıxış edən "Liverpul"un maraq dairəsində olduğu bildirilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->