Xəbər lenti

Regional maraqların toqquşması: SDQ-nin inteqrasiyası niyə yubanır? (ŞƏRH)
Dünya 12:38 04.11.2025

Regional maraqların toqquşması: SDQ-nin inteqrasiyası niyə yubanır? (ŞƏRH)

"Suriya Demokratik Qüvvələrinin Suriya ordusuna inteqrasiyası çoxsaylı regional və beynəlxalq maraqları toqquşdurur. Ona görə də proses yerindən tərpənmir. Davamlı və təhlükəsiz həll üçün isə yalnız geniş regional əməkdaşlıq və yeni siyasi mexanizmlər effektiv ola bilər. Bu olmadıqca, SDQ-nin mərkəzi orduya inteqrasiyası da elə yerində saymaqda davam edəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov ilin sonuna iki ay qalmasına baxmayaraq, PKK-nın qolu sayılan Suriya Demokratik Qüvvələrinin mərkəzi Suriya ordusuna inteqrasiyası yolunda hər hansı bir konkret addımın atılmamasını şərh edərkən deyib. 

Ekspert deyir ki, Suriya Demokratik Qüvvələrinin, yəni qeyri-rəsmi silahlı birləşmələrinin mərkəzi Suriya ordusuna inteqrasiyası bir çox dövlətlərin maraq dairəsində deyil:

"Bu, ilk növbədə İsraillə bağlıdır. İsrail belə bir inteqrasiyanın olmamasından istifadə edərək, Suriya üzərində təsir və təzyiq imkanları əldə edir. Eyni zamanda, ABŞ da vəziyyətin mövcud durumda qalmasında maraqlıdır. Çünki Vaşinqton bölgədə tam güclü və formalaşmış bir Suriyanın olmasını arzulamır".



Həmsöhbətimizin fikrincə, prosesdə irəliləyişin olması üçün regional əməkdaşlıq gücləndirilməlidir:

"Türkiyə üçün əsas narahatlıq SDQ ilə bağlı separatçı ocaqların öz ərazisinə təhlükə yaratmasıdır. Lakin geniş perspektivdə baxanda məlum olur ki, Qərbin dominant mövqeyinin qaldığı müddətdə Yaxın Şərqdə davamlı gərginliyin saxlanılması onun maraqlarına uyğun deyil. Bu kontekstdə SDQ-nin mərkəzi orduya inteqrasiyası özü-özlüyündə əhəmiyyətli suallar yaradır - inteqrasiyadan sonra belə bu struktur partlamağa hazır bomba rolunu oynaya bilər. Buna görə də Türkiyənin ərazi bütövlüyü üçün təhlükə yaranmaması məqsədilə yeni konfiqurasiya və sistemlərin tətbiqi zəruridir. Ən əsas yol regional əməkdaşlığın gücləndirilməsidir".

Qeyd edək ki, PKK-nın Suriya qanadı olan Suriya Demokratik Qüvvələrinin Ərəb Respublikasının keçid hökumətinin strukturlarına inteqrasiyası istiqamətində hələlik heç bir konkret addım müşahidə edilmir. "Hürriyet" qəzetinin məlumatına görə, vəziyyətin belə hal almasına daxili və xarici amillər maneə olur.

Xatırladaq ki, cari ilin martın 10-da müvəqqəti Suriya prezidenti Əhməd əl-Şaara və SDQ komandiri Məzlum Əbdi tərəfindən imzalanan müqaviləyə əsasən, kürd bölmələri ilin sonuna qədər keçid hökumətinin silahlı qüvvələrinə daxil edilməlidir. Müqaviləyə əsasən, ölkənin şimal-şərqindəki hava limanları, eləcə də qaz və neft yataqları da daxil olmaqla bütün mülki və hərbi obyektlər Dəməşqin nəzarətinə keçməlidir. 

Lakin qəzetin məlumatına görə, ilin sonuna iki aydan da az vaxt qalmasına rəğmən müqavilənin həyata keçirilməsi üçün bir addım belə atılmayıb. 

Rüfət Sultan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->