Xəbər lenti

Reinkarnasiya: Ölməyə də gəlməyəsən... (VİDEO)
Sənət08:22 13.04.2020

Reinkarnasiya: Ölməyə də gəlməyəsən... (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hər mətnin tarixçəsi, indiki dillə desək, hekayəsi olur. Yazıçı-şair onu necə yazıb, haçan, hansı şəraitdə, kimə və s. və i.a.
Bir də oxucunun hər mətnlə bağlı öz hekayəsi var...
Haradasa 2000-lə 1990-nın arası olardı, "Tarqovı”nın ortasında köhnə binalardan birində Ana Vətən Partiyasının qərargahı yerləşirdi. 
Bir gün o qərargaha dolanbac pillələrlə qalxıb, dar-daracıq və uzun, şüşəbəndindən "Tarqovı"dan təmtəraqlı görünən binanın görünməyən üzü, həyəti görünən dəhlizlə otaqlara doğru gedirdim, xadimə yenicə sil-süpür etmişdi deyəsən, adamı qəribə nəm və kəskin toz iyi vururdu, elə bil, yaz yağışından sonra kifləmiş torpaq qoxusuydu. 
Ordakı otaqlardan birində partiyada müavin vəzifəsini tutan şair Salam otururdu. Axşamtərəfi yanına getmişdim, harasa birlikdə darıxmağa gedəcəkdik. Başı nəyəsə qarşımışdı, ya kiminləsə telefonla danışırdı, unutmuşam, mən də bekarçılıqdan pəncərəyə düzülmüş kitablara baxırdım. Ürəyimdə Salamın kitab seçiminə təəccüblənirdim, həm də bilirdim ki, onun o kitablardan xəbəri yoxdu və əmindim ki, heç indiyə kimi onları otağında görməyib də. Şəhidlərə həsr edilmiş nazik bir kitabı əlimə aldım. Qaragünlü şəhidlərin ənənəvi pasport tipli ağ-qara şəkilləri gəlirdi, sonra pafoslu bir başlıq, ardıyca hansısa naməlum şairdən bir ürək dağlayan misra və şəhidin həyat tarixçəsi. 
Açdığım yeni səhifədə bircə bənd vardı, daha doğrusu, o bənd həmişə yadımda dumanlı qaldı, illər sonra şeirin orijinalını tapandan sonra da o ilk bəndi ancaq özüm quraşdırıb xatırladım:
Çıxıb gedəsən dünyadan, 
Gedəsən və gəlməyəsən.
Bir gün vədə yetişəndə
Ölməyə də gəlməyəsən...
Müəllifi tanımadığım xanım idi. Adının yanında soyadı, təxəllüsü yoxdu. Bu cür gözəl şeirin belə "samizdat” tipli kitaba düşməsinə heyrətlənmiş, müəllifini tanımadığıma təəccüblənmişdim o axşamçağı və onu şəxsən tanımağım hardasa 25 il çəkdi, nəhayət məlum oldu ki, mən 25 il o bəndi milyon kərə hər dəfə yaşamaqdan bezəndə öz-özümə pıçıldamışamsa da, yanlış pıçıldamışam. Qoy indi Anar Adil düzünü desin, barı siz yadınızda belə saxlayın...
Pərviz
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/AFTdgZngh78" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">