"Türkiyə və İran Yaxın Şərq məsələsində çətin ki, anlaşa bilsinlər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu İran prezidenti İbrahim Rəisinin yanvarın 24-də Türkiyəyə reallaşacaq səfərini şərh edərkən deyib. Rufiz Hafizoğlu vurğulayıb ki, bölgədə ciddi proseslər baş verir, ona görə də Rəisinin Türkiyə səfəri gözlənilən idi:
"İranla Türkiyə arasında qarşılıqlı münasibətlər, iqtisadi əlaqələrin gücləndirilməsi məsələləri də səfər çərçivəsində müzakirə predmeti olacaq. Amma əsas müzakirə mövzusu olaraq bölgədə baş verən, xüsusən də Yaxın Şərqdəki proseslər, İranın İraq və Pakistan ərazisini bombalaması, terrora qarşı birgə mübarizə məsələləri gündəmə gələcək. İran Türkiyə münasibətləri o qədər də bəsit deyil".
Həmsöhbətimiz qeyd edib ki, iki ölkə arasında münasibətlər nə qədər sabit görünsə də, lakin hər zaman Tehran və Ankaranın maraqları toqquşur:
"İran şiə amilindən istifadə edərək bölgədə öz mövqeyini gücləndirməyə çalışır. Tehranla Ankaranın regionda bir-birindən asılı olmayaraq fərqli Yaxın Şərq siyasəti var. Kiçik dövlətlər özlərinin Yaxın Şərq siyasətini iki dövlət üzərindən aparır ki, bunlar da Türkiyə və İrandır. Heç bir halda nə İran, nə də Türkiyənin ortaq Yaxın Şərq siyasəti olmayacaq. Siyasətdə ümumiyyətlə, kiminsə başqasının tərəfinə keçməsi anlamı yoxdur. Türkiyənin öz, İranın da öz maraqları var. Yəni, burada iki ölkə arasında ortaq Yaxın Şərq siyasətinin olması mümkün deyil. Düzdür, maraqlar zaman-zaman üst-üstə düşə bilər. Lakin bu heç də tərəflərdən hansısa birinin digərinin tərəfinə keçməsi anlamına gəlməməlidir”.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi yanvarın 24-də Türkiyəyə səfər edəcək. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Xatırladaq ki, Rəisi Türkiyəyə yanvarın 4-də səfər etməli idi. Lakin həmin vaxt səfər İranın Kerman şəhərindəki terror aktı ilə əlaqədar təxirə salındı.
Rüfət Sultan
Şərhlər