Dubay dünyanın ən sürətlə dəyişən şəhərlərindən və ən populyar turizm məkanlarından biridir.
Təkcə 2022-ci ilin birinci rübündə Dubaya təxminən 2,2 milyon turist səfər edib.
Şəhər haqqında hansı faktlar səyahətçiləri təəccübləndirir və bu ölkədə qalmağın xüsusiyyətləri haqqında nələri bilməlisiniz. Bu barədə Qaynarinfo "ThePlanetD”ə istinadən məlumat
verir.
Neft yataqları sayəsində əhalinin və sərvətin sürətli artımı
Birləşmiş Ərəb Əmirliklərinin ərazisində insanlar 125 min ildir yaşayırlar. Lakin Dubay şəhərinə çevrilən qəsəbənin əsası yalnız 18-ci əsrdə qoyulub.
Dubay bir vaxtlar İrana yaxın olması səbəbindən inkişaf etməyə başlayan və Fars körfəzinə gedən mühüm ticarət yoluna çevrilən balıqçılıq kəndi olub.
1929-cu ildə "Böyük depressiya” mirvari ixracı sənayesinin dağılmasına səbəb olduqda ilkin iqtisadi bum qəfil sona çatdı. Dubayın əhalisinin əksəriyyəti ölkənin digər bölgələrinə köçdü və infrastruktura investisiyalar minimuma endirildi.
Birləşmiş Ərəb Əmirliklərinin digər əraziləri yerin altında tapılan nəhəng neft ehtiyatlarından əldə edilən mənfəət hesabına genişlənirdi, lakin 1966-cı ildə dənizdə neftin təsadüfən kəşf edilməsindən sonra Dubayın taleyi də dəyişməyə başladı.
Əgər hətta 70 il əvvəl Dubay səhra ilə əhatə olunmuş bir neçə göydələndən ibarət şəhər idisə, indi dünyanın ən sıx məskunlaşdığı şəhərlərindən biridir. 1968-1975-ci illər arasında Dubayın əhalisi 300% artıb.
2022-ci ildə bütün əmirliyin əhalisi 3 milyon 518 min nəfər olduğu halda meqapolisin əhalisi 2 milyon 964 nəfər təşkil edir. Məqsəd 2040-cı ilə qədər əhalinin sayını 5,8 milyon nəfərə çatdırmaq və şəhərin əhəmiyyətli fiziki genişləndirilməsidir.
Dubay şəhəri haqqında maraqlı faktlar
Dubayda iqlimə nəzarət edilən bütöv bir məhəllə var və burada qapalı xizək kurortu da tikilib.
Turistlərin bilməsi üçün maraqlı olan faktlar:
* Bürj Xəlifə - dünyanın ən hündür binasıdır (828 m) - qüllə tropik çiçək himenokallis (hörümçək zanbağı) "dizayn"ına uyğun olaraq tikilmişdir. 2019-cu ildə qüllə dünyada ən çox ziyarət edilən yerlərin siyahısında 7-ci sırada yerləşib, Eyfel qülləsindən qeri qalsa da Disneylend və Vatikanı qabaqlaya bilib.
* Dubay polisi şəhərdə çox sayda superkarlar olduğundan qaydanı pozanları saxlamaq üçün sürətli idman avtomobilləri alır.
* Dubayda dünyanın ən böyük qapalı əyləncə parkı "IMG Worlds of Adventure” yerləşir.
* Şəhər dünyanın ən sürətlə inkişaf edən üç şəhərindən biridir. Metro tikintisinin sürəti - 3 ildə 42 stansiya.
* Dubayda keçirilən məşhur dəvə yarışlarında yüngüllüklərinə görə canlı atlılar əvəzinə istifadə edilən robot jokeylər qalib gəlir.
* Dubay əhalisinin demək olar ki, 80%-i əcnəbilərdir. Ən çox miqrantlar Hindistan, Pakistan, Banqladeşdəndir. Şəhərdə Böyük Britaniyadan olan çox saylı əcnəbilər də var. Həmçinin ABŞ və Afrika ölkələrinin sakinləri də az deyil.
* Dubayda yağış ilin 25 günü olur, ən çox isə fevral ayında yağır (bütün fevral ayı boyu cəmi 3,5 sm yağıntı). Yağışın olmamasına baxmayaraq, Dubay çox günəşli şəhər hesab edilmir. İyun ayında günəşli saatlar 12 saat, yanvarda isə cəmi 8 saatdır.
* Dubayın "The Dubai Miracle Garden” möcüzə bağı 7 hektar ərazidə bitən 50 milyondan çox çiçəklə heyrətləndirir. Bu, demək olar ki, bütün çiçək növləri ilə dünyanın ən böyük təbii çiçək bağıdır.
Hazırladı: Nizami Bağırov