Keçən həftə Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanan Elektron çağırış haqqında qanun Rusiyada əhali məlumatlarının "superbazasını” yaradacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə The Bell Rusiya hökumətinin informasiya sistemlərinin inkişafı ilə bağlı məlumatlı mənbələrə istinadən
yazır.
Rəqəmsal inkişaf nazirliyinin rəsmilərinin bildirdiyinə görə, qanunun tələb etdiyi kimi, hərbi komissarlıqların rəqəmsallaşdırılması çərçivəsində hərbi xidmətə cəlb olunmuş şəxslərin vahid reyestrinin yaradılmasını payıza yaxın işləməyə başlayacaq. Lakin mənbələr bildirir ki, onun funksiyaları elan edilənlərdən daha genişdir.
Qanuna görə, reyestrə çoxsaylı fərdi məlumatlar daxil ediləcək - pasport və VÖEN-dən tutmuş faktiki yaşayış yeri və sağlamlıq məlumatlarına qədər. Lakin reallıqda onların sayı daha da çox olacaq və FSB strukturları "baza”nın saxlanması ilə məşğul olacaq, - deyə The Bell-in mənbəsi bildirib.
"Onlar sakitcə insanlara aid bütün mümkün məlumatların toplanacağı super məlumat bazası yaratmaq istəyirlər, - deyə mənbə izah edir. — Belə məlumatların bir yerdə toplanması çoxdankı arzudur. Onlar bunu çoxdan etmək istəyirdilər, lakin alınmırdı, çünki müxtəlif orqanlar bir-biri ilə məlumat mübadiləsinə həvəs göstərmirdilər”.
"Böyük qardaş" (FSB nəzərdə tutulur – red.) digər məsələlər arasında bank əməliyyatları və vətəndaşların hərəkətləri haqqında məlumatları izləyəcək. Qanun bankları birbaşa ödənişlər haqqında məlumat paylaşmağa məcbur etməsə də, taksi xidmətlərində oxşar məlumatlar var, onlar artıq sərnişin səfərlərinin arxivini FSB ilə bölüşmək məcburiyyətindədirlər. Martın sonunda FSB taksi avtomobillərinin bütün sutka ərzində geolokasiyasına, eləcə də müştərilərin istifadə etdiyi bank kartı məlumatlarına çıxış tələb edib.
Aydındır ki, söhbət təkcə hərbi xidmətə çağırışın təşkilində dəyişikliklərdən deyil, vətəndaşlar üzərində rəqəmsal nəzarətin geniş miqyaslı mexanizminin yaradılmasından gedir, - politoloq Tatyana Stanovaya qeyd edir.
"Pandemiya zamanı haqqında çox danışılan "Rəqəmsal QULAQ” indi formalaşır, - o yazır. - Ənənəvi dövlət məcburiyyət sistemi yenidən formalaşdırılır və bununla da hərəkət azadlığı, işləmək hüququ və xüsusi mülkiyyətin toxunulmazlığı kimi əsas hüquqlar məhdudlaşdırılır.
Qeyd edək ki, qanun "Qosuslugi” vasitəsilə çağırış vərəqəsi göndərildikdən sonra ölkədən çıxmağı qadağan etməyə, 20 gün ərzində gəlmədikdə isə avtomobili idarə etmək, bizneslə məşğul olmaq və daşınmaz əmlakla əməliyyatlar aparmaq hüququndan məhrum etməyə imkan verir.
Stanovaya hesab edir ki, hər bir fərdi vətəndaşın hüquq və üstünlüklərinə çıxış imkanlarını tənzimləməklə hakimiyyət "loyal rəqəmsal çoxluq” formalaşdırmağa və sistemdən kənarda qalmağın "sosial ölüm” demək olacağı vəziyyət yaratmağa ümid edir: "Sonradan bu yanaşma digər sahələrə yayılaraq, dövlətin total rəqəmsal nəzarət, məcburiyyət və cəza sistemi qurulacaq”.
Nizami Bağırov