Qalmaqallı rus rəssamı Pyotr Pavlenski özünün növbəti aksiyasını keçirib. Rəssamın dediyinə görə bu, psixiatriyanın siyasi məqsədlərlə istifadəsinə etirazdır.
Qaynar.info Azadlıq Radiosuna istinadən xəbər verir ki, o, Moskvadakı Psixiatriya İnstitutunun damına lüt çıxaraq orada bıçaqla onlarla adamın gözü önündə qulağının sırğalığını kəsib.
O, aksiyasını "Kəsib atma" adlandırıb: "Bıçaq qulağın sırğalığını bədəndən ayırır. Psixiatriyanın beton divarları isə ağıllı adamları xəstələrdən ayırır. Psixiatriyanın siyasi məqsədlərlə istifadəsi metoduna qayıtmaqla polis aparatı ağılla ağılsızlıq arasında sərhədi cızmaq hakimiyyətini özünə qaytarmış olur. Ağ xalatlı bürokratlar psixiatriya diaqnozları ilə silahlanaraq cəmiyyətin o hissələrini kəsib atırlar ki, ona hamı üzərində hökmranlıq etməyə mane olur".
Pavlenskini damdan hadisə yerinə gəlmiş polislər düşürüblər. Bu, rəssamın ilk belə etiraz aksiyası deyil. Bu ilin fevralında o, Ukraynadakı inqilabı dəstəkləmək üçün küçədə maşın şini yandırmış, ötən ilin noyabrında isə Qızıl meydanda xayalığını yerə mismarlamış, prezident Putinə qarşı mahnı oxuduqları üçün tutulan Pussy Riot qrupuna hökm oxunanda isə ağzını tikmişdi.
Son illərdə onu bir neçə dəfə ruhi xəstəxanaya aparıb müayinə ediblər. Amma hər dəfə xəstə olmadığı haqda rəy verilib.
Qaynar.info