ABŞ-ın dövlət katibi Marko Rubo BMT üzvü olan ölkələri Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının üçüncü ildönümü münasibətilə ABŞ tərəfindən irəli sürülən qətnamə layihəsini dəstəkləməyə çağırıb. Sənəddə nə işğal olunmuş Ukrayna əraziləri, nə də Rusiya aqressiyası qeyd olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə 22 fevral şənbə günü Dövlət Departamenti bəyanat yayıb.
Rubo bildirib ki, ABŞ "Rusiya-Ukrayna müharibəsinin" üçüncü ildönümünə BMT-də "sadə və tarixi" qətnamə təqdim edib və onu "sülhə yol açmaq üçün" dəstəkləməyə çağırıb.
"Bu qətnamə prezident Trampın BMT-nin öz əsas missiyasına – BMT Nizamnaməsində təsbit edilmiş beynəlxalq sülhü və təhlükəsizliyi dəstəkləmək missiyasına qayıtmalı olduğu fikri ilə uzlaşır. Bu, münaqişələrin dinc yolla həllini də əhatə edir", – dövlət katibi belə izah edib.
Onun sözlərinə görə, ABŞ-ın təqdim etdiyi qətnamənin dəstəklənməsi, "bu münaqişənin dəhşətli olduğunu, BMT-nin onu dayandırmağa kömək edə biləcəyini və sülhün mümkün olduğunu" təsdiqləmək deməkdir.
Əvvəlki gün ABŞ tərəfindən təqdim edilən qısa qətnamə layihəsində "Rusiya-Ukrayna münaqişəsi" zamanı insanların faciəvi ölümü ilə bağlı kədər ifadə edilir, həmçinin münaqişənin tezliklə dayandırılmasına və Ukrayna ilə Rusiya arasında davamlı sülhün yaradılmasına çağırış edilir".
Lakin sənəddə Rusiya işğalının genişmiqyaslı xarakteri, Ukraynanın işğal olunmuş əraziləri, Rusiyanın beynəlxalq hüququ pozması və ya onun aqressor dövlət olması haqqında heç bir qeyd yoxdur.
Bununla yanaşı, ABŞ Avropa İttifaqı və Ukrayna tərəfindən təqdim edilən alternativ qətnamə layihəsinin həmmüəllifi olmaqdan imtina edib. Həmin sənəddə "Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı işğalı" ifadəsi yer alır və Rusiyadan "bütün silahlı qüvvələrini Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarması" tələb edilir.
Hər iki qətnamə layihəsi 24 fevral – Rusiyanın Ukraynaya hücumunun üçüncü ildönümü ilə əlaqədar hazırlanıb və həmin gün BMT Baş Assambleyasında səsverməyə çıxarılacaq.
Bundan əvvəl KİV məlumat yayıb ki, ABŞ ilk dəfə olaraq G7-nin Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun üçüncü ildönümü münasibətilə hazırladığı birgə bəyanatda Rusiyanı aqressor adlandırmağa qarşı çıxır.
Alpər
Şərhlər