Rumıniya Prezidentinin diasporadakı rumınlarla əlaqələr üzrə müşaviri Eugen Tomak bəyan edib ki, Buxarest Moldova ilə birləşmə məsələsini "ciddi şəkildə müzakirə etməyə" hazırdır.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Calea Europeana nəşrinə müsahibəsində
bildirib.
"Prut çayının hansı tərəfində yaşamasından asılı olmayaraq, hər bir vicdanlı rumın iki dövlətin birləşməsini təbii bir proses kimi nəzərdən keçirir", — deyə o qeyd edib.
Tomak xatırladıb ki, Rumıniya 27 mart 2018-ci il tarixində parlament tərəfindən bir nəfər belə əleyhinə səs vermədən qəbul edilmiş bəyannamə ilə bu məsələni müzakirə etməyə hazır olduğunu rəsmən bəyan edib. "Bu, Rumıniya dövlətinin rəsmi mövqeyidir və dəyişməyib", — deyə o vurğulayıb.
Tomakın sözlərinə görə, Rumıniya istənilən an danışıqlar masasına oturmağa və bu senarini ciddi şəkildə müzakirə etməyə hazırdır. Lakin bu, yalnız o halda mümkündür ki, Moldova tərəfi bunu "bir variant kimi nəzərdən keçirsin".
"Öz gələcəklərinə qərar vermək onların hüququdur", — deyə müşavir əlavə edib.
Rumıniyanın bu senariyə, o cümədən Aİ tərəfdaşları, NATO müttəfiqləri və strateji tərəfdaş olan ABŞ-ın dəstəyi baxımından hazırlığı haqqında suala cavab verərkən Tomak bildirib ki, "bizim bütün tərəfdaşlarımız Rumıniya və Moldova Respublikasında eyni xalqın yaşadığını bilirlər".
Moldova Prezidenti Maia Sandu daha əvvəl bəyan etmişdi ki, əgər birləşmə məsələsi nə vaxtsa referenduma çıxarılarsa, o, buna tərəfdar səs verərdi. Onun sözlərinə görə, ölkənin təkbaşına "sağ qalması" getdikcə çətinləşir.
Xatırladaq ki, bundan bir qədər əvvəl xəbər vermçişdik ki, Moldova Aİ və ABŞ ilə birlikdə Dnestryanı bölgənin reinteqrasiyası planını hazırlayır. Məsələlərin bir hissəsi "həssas" olaraq qalır və ehtiyatlılıq tələb edir, bəzi proseslər üçün isə "zaman lazımdır".
Alpər
Şərhlər