ABŞ səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona məlumat verilib ki, Amerika səfirliyinin 1-ci və 2-ci katibləri Ceffri Sillin və Devid Bernşteyn persona non-qrata elan edilib. Onlar yeddi gün ərzində ölkəni tərk etməlidirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant məlumat yayıb.
"Göstərilən şəxslər xarici dövlətlə "məxfi əməkdaşlıqda” təqsirləndirilən, Rusiya Federasiyasının milli təhlükəsizliyinə zərər vurmaq məqsədi ilə pul müqabilində tapşırıqlar almış Rusiya vətəndaşı R.Şonovla əlaqə saxlayaraq qanunsuz fəaliyyət göstəriblər”, - bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Linn Treysiyə həmçinin "ABŞ diplomatik missiyasının qeyri-qanuni fəaliyyəti”, yəni Rusiyanın "daxili işlərinə müdaxilə”nin qəbuledilməzliyi bildirilib.
Qeyd edək ki, Robert Şonov ABŞ-ın Vladivostokdakı Baş Konsulluğunun xidmət şöbəsinin keçmiş rəhbəridir. O, mart ayında saxlanılıb. FSB onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci maddəsi ilə - Rusiyanın Ukraynadakı hərbi əməliyyatı və səfərbərliyi barədə ABŞ üçün məlumat toplamaqda ittiham edib. O, həbsdədir, həbs müddəti sonuncu dəfə avqustun 17-də uzadılıb. ABŞ Dövlət Departamenti Robert Şonovun Rusiya qanunlarını pozmadığını iddia edib. Avqust ayında FSB Robert Şonovun təqsirini etiraf etdiyinə dair videoyazı yayıb.
Nizami Bağırov