Rusiyanın "Şimal axını” qaz kəməri Almaniyaya qaz nəqlini dayandırıb.
Qaynarinfo "The Moscow Times” saytına istinadla xəbər
verir.
"Şimal axını 2022-ci il iyulun 11-dən iyulun 21-dək öz qaz kəməri sisteminin hər iki xəttini illik cari təmir işləri üçün müvəqqəti olaraq bağlayacaq”, - boru kəməri operatorunun saytında yerləşdirilən bildirişdə deyilir.
Şimal axını boru xəttinin dayanmasından sonra Rusiya qazının Avropaya tədarükü üçün Ukrayna üzərindən keçən bir marşrut qalır və bu marşrut Rusiyanın qərbindəki Sudja qazölçmə stansiyası vasitəsilə gündə təxminən 40 milyon kubmetr nəql edir.
Almaniya rəsmiləri və analitikləri bildiriblər ki, Rusiya "Şimal axını”nın planlaşdırılmış texniki xidmət müddətindən sonra da qaz axınını dayandıra biləcəyini istisna etmirlər.
Keçən ilki təmir nəticəsində "Şimal axını” ilə qaz nəqli 2021-ci il iyulun 13-dən 23-dək dayandırılıb.
Moskvanın Ukraynaya qarşı hərbi kampaniyaya başlamasından sonra Rusiyadan Avropaya digər boru kəmərləri ilə qaz axını tədricən azalıb.
Polşa, Bolqarıstan, Finlandiya və Hollandiya Rusiyanın qazın qiymətini rublla ödəmə tələblərinə boyun əymədikləri üçün təbii qaz tədarükləri dayandırılıb.
Nurlan