Rusiyanın Baş nazirinin yeni müavini, sənaye və ticarət naziri Denis Manturov ölkəni "texnoloji suverenlik”lə təmin etmək məqsədilə hökumətin işində bazar prinsiplərindən imtina edildiyini açıqlayıb. Sənaye və ticarət nazirliyinin rəhbəri yeni vəzifəyə təyin olunduğu gün belə bir bəyanatla çıxış edib,
Vladimir Putin tərədindən vəzifəsi artırılan nazir bildirib ki, üç gün əvvəl Baş nazir Mixail Mişustinin rəhbərliyi ilə hökumətdə xüsusi iclas keçirilib və orada sənaye sektorunun işində paradiqmanın dəyişdirilməsi barədə yekdilliklə qərar qəbul edilib.
"Hökumətdə yekdil rəyə gəldik ki, bu gün mütləq bazar yönümlü sənaye siyasətindən texnoloji suverenliyin təmin edilməsi siyasətinə dönüş etmək lazımdır”, - deyə baş nazirin yeni müavini bildirib.
Manturovun çıxışında hərbi sənaye kompleksinə xüsusi diqqət yetirilib. Nazirin sözlərinə görə, yeni vəzifəsində ona tapşırılan ən mühüm vəzifələrdən biri təkcə Ukraynanın işğalı kontekstində deyil, həm də gələcəkdə Rusiya ordusunu yüksək dəqiqlikli raket və pilotsuz uçuş aparatları ilə təmin edilməsidir. Baş nazirin müavini həmçinin hərbi və mülki sənaye üçün vacib komponentlərin intensiv axtarışının zəruriliyini qeyd edib. Baş nazirin müavininin sözlərinə görə, xüsusi vəzifə Rusiya bazarında yerli məhsullara tələbatın yaradılması və dəstəklənməsi olacaq.
"Bundan əlavə, istehsalçılarımızın maraqları naminə iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunan xaricdən gətirilən maşın və avadanlıqları tədricən əvəz etməklə tələbatı gücləndirmək lazımdır”, - Manturov vəd edir.
Xarici texnologiyalara alternativlərin axtarışı yeni baş nazirin müavini üçün prioritet olacaq. Xüsusilə, o, neft və qaz yataqlarının işlənməsi üçün texnologiya və avadanlıqların, kənd təsərrüfatı üçün avadanlıqların, aviasiya sənayesi üçün Rusiya təyyarələrinin yerli analoqlarını tapacağına söz verib. Oxşar tədbirlər kimya sənayesi, ağac kəsmə və balıqçılıq sənayesinə təsir göstərəcək.
Qeyd edək ki, bundan əvvəl hərbi-sənaye kompleksinə nəzarəti Baş nazirin keçmiş müavini Yuri Borisov həyata keçirib. Cümə günü, iyulun 15-də Borisov Roskosmos dövlət korporasiyasına təyinat alıb və Dmitri Roqozini şirkətin rəhbəri vəzifəsində əvəz edib.
Manturovun çıxışı dövlətin daha çox sənaye sahələrini nəzarətə götürmək və onlara təsirini artırmaq niyyətindən xəbər verir ki, bu da dövlətin iqtisadiyyatdakı payını kritik həddə çatdırmaq riskini daşıyır. İyun ayında Federal antiinhisar xidmətinin nümayəndələri etiraf ediblər ki, dövlətin iqtisadiyyatdakı payı artıq 70%-i ötüb. Hesablama Palatasının rəhbəri Aleksey Kudrin daha əvvəl xəbərdarlıq etmişdi ki, dövlət sektorunun genişlənməsi Rusiya iqtisadiyyatının inkişafını yalnız ləngidə bilər.
Manturovun ritorikası sosialist ideyasının perspektivlərindən danışan Vladimir Putinin son çıxışına bənzəyir. Prezident onun həyata keçirilməsində heç bir problem görmür və hesab edir ki, bazar mexanizmləri ilə birləşdirilə bilər. Və bu yanaşmanın əsas problemi "iqtisadiyyatın doldurulması”dır. Rusiya prezidentin fikrincə, kapitalist modeli artıq tükənib.
Nizami Bağırov