Ukraynada uğursuzluğa düçar olan Rusiyanın yalnız "yeni SSRİ” planı alt-üst olmadı, eyni zamanda Moskva MDB məkanında da nüfuzunu itirdi. Siyasi təhlilçilər hesab edirlər ki, Rusiyanın Ukraynada uduzması fonunda onun dgər bölgələrə də təsir imkanları azalacaq. Bu hal özünü xüsusən də keçmiş sovet məkanında daha qabarıq şəkildə göstərəcək. Belə olan halda, postsovet məkanında, o cümlədən Cənubi Qafqazda onun yerini başda ABŞ olmaqla Qərb tuta bilər. Amma o da bəllidir ki, bəzi Qərb ölkləri bir sıra hallarda ermənipərəst siyasət yürüdür. Məsələn, ABŞ-ın dövlət başçısı Co Bayden qondarma "erməni soyqırımı” ilə bağlı türk dünyasında qıcıq doğuran ifadələr işlədib. Bu prosesdə Fransa da fəallıq nümayiş etdirir. Rusiyanın zəifləməsi fonunda "müqəddəs məkan”a təsir dairəsini artırmaq istəyən yalnız Qərb deyil. Burada Türkiyə amilini də unutmamalıyıq. Qardaş Türkiyə son illər yürütdüyü siyasətlə bir çoxlarının maraqlarına cavab verməsə də, regionumuzda söz sahibinə çevrilib.
Belə olan halda, çökməkdə olan Rusiyanın yerini Cənubi Qafqaz bölgəsində, ən azından regionun əsas dövləti olan Azərbaycanda Türkiyə tuta bilərmi?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın bölgəmizə təsirinin azalması ilə yaranmış boşluğu ABŞ-dan çox Türkiyənin dolduracağı ehtimalı daha böyükdür:"Rusiya buradan heç hara getməyəcək. Bu ölkə Azərbaycanın qonşuluğunda yerləşən böyük dövlətdir. Böyük dövlətdirsə, deməli onun təsir imkanları və dairəsi də var. Azərbaycan isə Rusiya ilə sərhddə yerləşən kiçik dövlətdir. İstəsək də, istəməsək də, burada Rusiyanın təsiri mütləq olacaq. Bundan qaçmaq mümkün deyil. Amma mövcud status-kvoda Rusiyanın bölgəmizə təsiri tədricən azalır, digər dövlətlərin təsiri isə güclənir”.
Həmsöhbətimiz qeyd edir ki, regiona təsir gücünə görə, Ankara Vaşinqtondan da öndə dayanır:”Türkiyə də əslində Qərb dünyasının bir hissəsidir. Amma Ankara imkan verməz ki, onun təsir dairəsində olan ərazilərdə hansısa başqa dövlət öz şərtlərini diqtə etsin. Türkiyənin iradəsi kifayət edir ki, bir çox məsələlərdə ABŞ siyasətinə etiraz etsin, onun təkliflərini qəbul etməsin, öz siyasətini yürütsün. Türkiyə Cənubi Qafqazda da öz dövlət maraqlarını müdafiə etməyə qadirdir və bunu edəcək”.
Rüfət Sultan