Xəbər lenti

Rusiya büdcəsində kəsir proqnozu 1 trilyon rubldan çox üstələyəcək -
Dünya 17:49 16.07.2026

Rusiya büdcəsində kəsir proqnozu 1 trilyon rubldan çox üstələyəcək - "Reuters"

Rusiya Federasiyasının 2026-cı il federal büdcəsinin kəsiri rəsmi planlardan 1 trilyon rubldan (12,85 milyard dollar) çox artıq ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” Rusiya hökumətinin büdcə portalına istinadən məlumat yayıb.

Proqnozlara görə, cari ildə federal xərclər 45,11 trilyon rubl (təxminən 580 milyard dollar) təşkil edəcək. Halbuki büdcə qanununda bu göstərici 44,07 trilyon rubl (təxminən 570 milyard dollar) olaraq nəzərdə tutulub. Proqnozlaşdırılan gəlirlər dəyişməz qalaraq 40,28 trilyon rubl (520 milyard dollar) səviyyəsindədir. Bu isə 4,83 trilyon rubl (62 milyard dollar) həcmində büdcə kəsiri deməkdir.

Eyni zamanda, büdcə qanununda kəsirin 3,79 trilyon rubl (49 milyard dollar), yəni ÜDM-in 1,6 faizi səviyyəsində olacağı göstərilib.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, ilin ilk yarısında ölkə büdcəsinin kəsiri 5,73 trilyon rubl (74 milyard dollar), yaxud ÜDM-in 2,5 faizi təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.

Rusiya maliyyə naziri Anton Siluanov bildirib ki, kəsir rəsmi hədəfdən "bir qədər” yüksək olacaq. Lakin o, bunun daxili borclanmanın əhəmiyyətli dərəcədə artırılmasına səbəb olmayacağını vurğulayıb.

Büdcə kəsirinin növbəti iki il ərzində də əvvəlki planlardan yüksək qalacağı gözlənilir. Rusiya Maliyyə Nazirliyi ölkənin fiskal qaydalarının tələb etdiyi sıfır ilkin büdcə kəsirinə nail olma müddətini 2029-cu ilə qədər təxirə salıb.

Qeyd edək ki, 2025-ci ildə Rusiyanın büdcə kəsiri rəsmi göstəricini təxminən beş dəfə üstələyərək 5,7 trilyon rubla (74 milyard dollar), yaxud ÜDM-in 2,6 faizinə çatıb. Bu, 2020-ci ildəki pandemiya dövründən sonra ən yüksək göstəricidir.

Qərb analitikləri Rusiyada büdcə xərclərinin artmasını əsasən Ukraynaya qarşı müharibə ilə əlaqələndirirlər.

Daha əvvəl "Defense News” nəşrinin müşahidəçiləri Devid Henderson və Rayan Sallivan Rusiyanın bütün xərclərini təhlil edərək belə nəticəyə gəliblər ki, ilin əvvəlinə olan məlumata görə, müharibənin Rusiya üçün real dəyəri təxminən 2,5 trilyon dollar təşkil edib. Bu məbləğ ümumi hesablamadır və insan kapitalı itkiləri, hərbi texnikanın məhv edilməsi, əməliyyat xərcləri və itirilmiş ÜDM göstəricilərini əhatə edir.

Həmçinin bildirilmişdi ki, iqtisadi həcmi təxminən 3 trilyon dollar olan Rusiya iqtisadiyyatı müharibə səbəbindən kəskin şəkildə yavaşlayıb: ötən il artım tempi 2024-cü ildəki 4,9 faizlə müqayisədə təxminən 1 faizə düşüb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->