The Guardian-ın beş jurnalisti də daxil olmaqla, Böyük Britaniya mediasının 29 təmsilçisinə Rusiyaya giriş qadağan edilib.
Qaynarinfo The Guardian saytına istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Moskva bunun Qərbin sanksiyalarına və "Rusiya haqqında yalan məlumatların yaymasına”, habelə, "Britaniya hökumətinin anti-Rusiya hərəkətlərinə” cavab olduğunu bildirib.
"Siyahıya daxil olan britaniyalı jurnalistlər Rusiya, Ukrayna və Donbasdakı hadisələrlə bağlı qəsdən yalan və birtərəfli məlumatların yayılmasında iştirak edirlər”, - nazirliyin bəyanatında deyilir.
Qadağa həmçinin hərbi xadimlər, yüksək rütbəli aerokosmik rəsmiləri və millət vəkilləri də daxil olmaqla, Rusiyanın "müdafiə kompleksi ilə əlaqəli” hesab etdiyi 20 nəfərə də aid edilib.
"Qara siyahı”ya düşən jurnalistlər arasında The Guardian-ın müxbirləri Şon Uoker, Lyuk Hardinq, Emma Qrem-Harrison və Piter Bomont, həmçinin Guardian-ın baş redaktoru Ketrin Viner də var. BBC, Sunday Times, Daily Mail, Independent, Daily Telegraph, Sky News və bir sıra digər nəşrlərdə çalışan britaniyalı jurnalistlər də qadağa siyahısına düşüb. Times, Daily Telegraph, Daily Mail və Independent qəzetlərinin baş redaktorları da siyahıya salınıb.
Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra yerli və xarici müstəqil xəbər agentliklərinə, eləcə də xarici sosial media şəbəkələrinə qarşı görünməmiş repressiyaya başlayıb. Müharibədən dərhal sonra qanunvericilik Rusiya ordusu haqqında "yalan məlumat” yayan KİV-ləri cinayət məsuliyyətinə cəlb etməyə başlayıb. Hazırda bir sıra media qruplarının Rusiyada fəaliyyəti dayandırılıb, müstəqil jurnalistləri isə 15 ilə qədər həbs cəzası ilə təhdid edən sərt qanun qüvvədədir. Rusiya həmçinin BBC və Deutsche Welle də daxil olmaqla bir sıra xarici xəbər agentliklərinin internet saytlarına girişi bloklayıb.
Nurlan Hüseynov