"Rusiya Ermənistan müttəfiqlik münasibətlərinin pozulacağı real görünmür".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev rus politoloq Aleksandr Krılovun Rusiya ilə Ermənistan arasındakı müttəfiqlik münasibətlərinin pozula biləcəyi barəsə fikirlərini şərh edərkən deyib.
Ekspert bildirib ki, Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin tam pozulması mümkün deyil:
"Rusiya Ukrayna müharibəsi bataqlığında ləngidiyindən İrəvana münasibətdə müəyyən dərəcədə gözləmə mövqeyi tutub. İrəvanın Qərbə doğru istiqamət götürməsinə hələlik Rusiya səbrlə yanaşır. Ermənistan sərhədləri əsasən rus qoşunları tərəfindən qorunur. İqtisadiyyatı da daha çox Rusiyaya bağlıdır. Belə olan vəziyyətdə, qısa zaman kəsiyində Rusiya Ermənistan müttəfiqlik münasibətlərinin sıfırlanması o qədər də real deyil. Hərçənd Qərb bunda israrlıdır. Aİ-nin Ermənistandakı missiyası da Rusiyanın bölgədən çıxarılmasından sonra yaranmış boşluğu özlərinin dolduqmaq istəyindən qaynaqlanır. İrəvan Qərbə meyllənmək istiqamətində real hərəkətə keçəcəyi təqdirdə isə Moskva Ermənistana qarşı birmənalı şəkildə aqressiv tərpənəcək. Moskva öz ətrafında digər ölkələrin hərbi qüvvələrinin yerləşdirilməsinə dözməyəcək. Ona görə də əvvəl-axır Rusiya Ermənistanı bu hərəkətinə görə cəzalandıracaq. Paşinyan Ermənistanı Ukrayna ssenarisi üzrə aparır. Bu isə Cənubi Qafqazda qarışıq vəziyyət yarada bilər".
Ekspert qeyd edib ki, NATO-ya paralel olaraq Rusiyanın patronajlığı altında Varşava Müqaviləsi tipli əks qütb formalaşacaq:
"Ermənistan hazırda Qərbin "ev tapşırıqları"nı icra edir. Sərhəddə yerləşən Aİ missiyası üzvlərinin sayının artımı da həmin senarinin bir hissəsidir. Onlar bölgədən Rusiyanı çıxarmaq və əvəzində burada Qərb qüvvələrini yerləşdirməyi düşünürlər. Ancaq Qərb bu istiqmaətdə öz fəaliyyətini gücləndirdikcə, Rusiyanın da ona adekvat olaraq özünümüdafiə immuniteti güclənir. Rusiya öz ətrafında Çin, İran və s. dövlətlər vasitəsilə koalisiya yaradır. Prosesin bu şəkildə davam etməsi NATO-ya paralel əks qütbün formalaşmasına gətirib çıxara bilər".
Qeyd edək ki, rusiyalı politoloq Aleksand Krılov "Novosti Armeniya"ya açıqlamasında İrəvanın atdığı addımlar fonunda Rusiya ilə Ermənistan arasındakı müttəfiqlik münasibətlərinin pozula biləcəyini deyib.
Rüfət Sultan