"Ukraynada müharibə 2024-cü ilin sonunadək davam edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə Rusiyanın Ukraynaya yeni və irimiqyaslı hücuma hazırlaşdığı barədə məlumatları şərh edərkən deyib.
Politoloq bildirib ki, seçkilərdən sonra Putinin əsas hədəfi xalqı daha çox mobilizasiya edib, gəncləri müharibəyə cəlb etməkdən ibarətdir:
"Bu meyarı müəyyən qədər son terror hücumlarında da gördük. Rusiya Ukrayna ilə mübarizədə əsasən Qara dəniz sahillərini ələ keçirməyə çalışır. Ona görə də indi əsas diqqəti Odessa şəhərinin alınmasına verib. Çünki bu şəhər Qara dənizdə önəmli, strateji bölgədir. Bu fonda görünən odur ki, yaxın dövrdə Rusiyanın Ukraynadakı hücumları daha da kəskinləşəcək. Mövcud vəziyyətdə Qərbin Kiyevə dəstəyi də hələlik davam edəcək. Düzdür, Qərb ara sıra silah verib-verməyəcəyilə bağlı müəyyən spekulyasiyalara da gedir. Düşünürəm ki, 2024-cü ilin sonuna qədər müharibə davam edəcək. Bu müddətdə də qarşılıqlı olaraq ərazi alıb itirmə prosesi də davam edəcək".
Həmsöhbətimiz bildirib ki, ABŞ-dakı seçkilərdə Trampın hakimiyyətə gəlməsilə Vaşinqtonla Moskva arasında pərdəarxası bəzi razılaşmaların əldə oluna ehtimalı da var.
Qeyd edək ki, Rusiyada baş tutan seçkilərdən sonra Moskvanın Ukraynada yeni və daha geniş miqyaslı hücuma hazırlaşdığı barədə məlumatlar yayılır. Hətta Putinin yaxınlarda yenidən mobilizasiyaya gedəcəyi də bildirilir. Bu müstəvidə Kiyevin də həyəcan təbili artıb. Ukrayna prezidenti Volodimir Zelenski özü mövcud durumda Xarkov və Odessa şəhərlərini itirə biləcəkərinin anonsunu verib.
Rüfət Sultan
Şərhlər