Ukraynada müharibə başlamazdan əvvəl Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti (FTX) Kremlə qonşu ölkə əhalisinin Rusiya hərbçilərinin gəlişini gül-çiçəklə qarşılayacqlarına dair məlumat vermişdi, baxmayaraq ki, kəşfiyyat xidmətinin əlində bu iddianı təkzib edən rəy sorğuları vardı. Qərb kəşfiyyatına görə, müqavimətin miqyasının lazımi səviyyədə qiymətləndirilməməsi bütün Rusiya güc strukturlarının adi halıdır, lakin FTX başqalarından daha çox "rusların yoluna güllər səpiləcəyinə inanırdı” və Putini əmin etmişdi ki, Kiyev bir neçə günə alınacaq, Volodimir Zelenski hökuməti devriləcək, özü isə qaçacaq, öldürüləcək və ya əsir götürüləcək.
"The Washington Post”un (WP) FTX-nin işğala hazırlıq işlərini necə apardığına dair geniş materialı işıq üzü
görüb.
Bu, Ukrayna və Qərb rəsmiləri, eləcə də xüsusi xidmət orqanları əməkdaşları ilə anonim söhbətlərə əsaslanır.
Qaynarinfo bu məqalənin əsas məqamlarının tərcüməsini təqdim edir. Məqalənin birinci hissəsini (Ağ Evin Rusiya rəhbərliyini müharibəyə başlamamağa necə inandırmağa çalışdığını, nəticədə yayınıq cavablar aldığını və NATO-nun Şərqi Avropadakı fəaliyyətini dayandırmaq tələblərini, həmçinin Ukrayna hakimiyyətinin Rusiyanın Ukraynaya hücumu hazırlaması barədə məlumatı necə aldığını və buna necə reaksiya verdiyini təsvir edən ətraflı araşdırma) buradan oxuya
bilərsiniz.
FTX Kiyevin tez bir zamanda ələ keçirilməsinə ümid edirdi. Kəşfiyyat orqanı Putin üçün Ukraynanın iki marionet hökumət variantını hazırlamışdı
Ukrayna rəsmilərinə görə, FTX-nin Ukraynadakı "bölməsi” 2019-cu ildən genişlənməyə başlayıb - onun sayı 30 nəfərdən 160 nəfərə qədər artıb. Onun əməkdaşları kollaborantları cəlb edir, həmçinin Ukrayna rəhbərliyindəki prinsipial ideoloji rəqiblərin siyahısını tərtib edirdilər. Əvvəlcə belə aktivlik Ukraynada "Rusiyanın Ukraynadakı təsirini geri qaytarmaq” planı kimi görünsə də, bu, indi işğala hazırlığın ilk addımları kimi görünür.
Rusiya xüsusi xidmət orqanlarının Ukraynanın güc strukturlarında pulla ələ alınmış agentlərdən ibarət geniş şəbəkəsi var. WP-nin məlumatına görə, işğaldan sonra onlar fərqli hərəkət ediblər: onların bir çoxu FTX ilə razılaşmanın tələb etdiyi kimi, rəsmi vəzifələrini sabotaj edib, digərləri isə bunun üçün artıq pul almasına baxmayaraq, Moskvadan gələn əmrləri yerinə yetirməyi dayandırıblar.
Qəzet yazır ki, işğaldan bir neçə gün əvvəl FTX Kiyevdə gizli mənzilləri təchiz etməyə başlayıb – çekistlər şəhərin sürətlə ələ keçirilməsinə o qədər arxayın idi ki, yaxın gələcəkdə orada öz heyətini xeyli artıracağını gözləyirdi.
İlkin planlara görə, rus ordusu Kiyevi tez bir zamanda ələ keçirməli, bu da öz növbəsində domino effektinə gətirib çıxararaq bütün ölkədə regional hakimiyyət orqanlarının süqutuna səbəb olacaqdı. Bu planın bir hissəsi olaraq FTX Zelenskinin devrilməsindən sonra hakimiyyəti ələ keçirməli olan marionet hökumətin iki varinatını hazırlayıb. Onların niyə iki olduğu aydın deyil, WP-nin fikrincə, onlar sadəcə Putinə seçim imkanı vermək istəyiblər.
Namizədlərdən biri 2014-cü ildə Rusiyaya qaçmış Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç olub. O, müharibə başlayandan sonra Minskə gedən qrupa rəhbərlik edib və Ukrayna kəşfiyyatının məlumatına görə, oradan FTX-nin Ukrayna "bölməsi” ilə əlaqə saxlayıb. İkinci qrup Ukraynanın cənub-şərqində rus qoşunları tərəfindən işğal edilmiş rusiyayönlü Regionlar partiyasının keçmiş üzvlərindən ibarət olub.
2022-ci ilin əvvəlində Ukrayna kəşfiyyat orqanları FTX əməkdaşlarının Rusiya hava-desant qoşunları ilə birbaşa təmasda olması barədə məlumat alıblar - bu cür qarşılıqlı əlaqə olduqca qeyri-adi görünüb və kəşfiyyat bunu yaxınlaşan işğalın birbaşa əlaməti kimi qiymətləndirib. Lakin digər kəşfiyyat məlumatları, xüsusən də Ukrayna kəşfiyyatçılarının Rusiyadakı hərbi hissələri müşahidə edən və onların hazır olmadığını bildirən hesabatları fonunda buna o qədər də əhəmiyyət verilməyib.
Ukrayna xüsusi xidmət orqanlarında çoxsaylı rusiyapərəst əməkdaşlar var. Bu, işğaldan sonra UTX rəhbərinin işdən çıxarılmasına səbəb oldu
WP xatırladır ki, UTX, FTX kimi, birbaşa KQB-nin varislərindəndir və Ukrayna kəşfiyyatının rəhbərliyində bir çoxları sovet idarələrində vəzifə tutub, bu, hətta yüksək rütbəli məmurlar arasında da həmişə Rusiyaya loyallığından narahatlıq doğurub.
Ukrayna dəfələrlə UTX sıralarını rusiyapərəst işçilərdən təmizləməyə cəhd edib, lakin heyətin böyük olması səbəbindən bunu etmək asan olmayıb. Müharibə başlayandan sonra məlum olub ki, Ukrayna xüsusi xidmət orqanlarında həm Moskvaya pula görə işləyənlər, həm də "həmişə Ukraynaya nifrət edən və SSRİ-nin qayıtmasını gözləyənlər” kifayət qədərdir.
Ukrayna rəsmilərindən birinin nəşrə verdiyi məlumata görə, müharibənin ikinci günü tabeliyində olanlara əmr vermək üçün telefonu götürəndə zənglərin cavabsız qalacağından qorxub və hamının əmrləri dəqiq və qətiyyətlə yerinə yetirməyə hazır olduğu ortaya çıxanda təəccüblənib, münaqişə başlamazdan əvvəl bu, nadir hallarda baş verirdi.
"Ukraynalıların özləri də daxil olmaqla bir çoxları hesab edirdi ki, güc strukturlarına yükəsk səviyyədə korrupsiya və Rusiya agentləri nüfuz edib” deyən mənbə işğal başlayandan sonra "onların həmişəkindən daha səmərəli işlədiyini” vurğulayıb. WP yazır ki, buna bir çox cəhətdən Zelenskinin əzmi və şəxsi nümunəsi təsir edib, Kiyev ətrafında döyüşlərin getdiyi zaman prezident paytaxtda qalmağa üstünlük verib.
İşğaldan sonra Ukrayna təhlükəsizlik strukturlarında təmizləmələr başlayıb - Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən 800-dən çox şəxs saxlanılıb. Onların ən yüksək rütbəlisi UTX-nin Krım üzrə baş idarənin rəhbəri Oleq Kuliniç olub. İttiham tərəfinin fikrincə, müharibədən iki il əvvəl ona Rusiya xüsusi xidmət orqanlarının operativ marağına səbəb olacaq UTX-nin məxfi daxili sənədlərini oğurlamaq tapşırığı verilib və işğaldan bir gün əvvəl o, bir neçə saatdan sonra başlayacaq Krımdan Xerson vilayətinə hücuma dair kəşfiyyat məlumatlarının yayılmasının qarşısını alıb.
Təmizləmələr fonunda Volodimir Zelenskinin uşaqlıq dostu İvan Bakanov UTX rəhbəri vəzifəsindən qovulub. WP-nin məlumatına görə, buna səbəb prezidentin Bakanovun kəşfiyyat orqanını vaxtında Rusiyaya rəğbət bəsləyənlərdən təmizləyə bilməməsindən narazılığı olub.
Müharibə başlamazdan əvvəl bütün xüsusi xidmət orqanları səhv hesablamalar aparırıb. Ancaq FTX-nin səhvləri daha qabarıq görünür.
WP-nin məlumatına görə, demək olar ki, münaqişəyə cəlb olunan bütün ölkələrin məxfi xidmətləri ciddi yanlış hesablamalara yol verib. Belə ki, işğal haqqında məlumatı olan ABŞ kəşfiyyat xidmətləri Ukraynanın müqavimət göstərmək qabiliyyətini lazımi səviyyədə qiymətləndirməyiblər, buna görə də ABŞ ilk mərhələdə Ukraynaya ağır silahlar göndərməyə cəsarət etməyib, bunun mənasız olduğu düşünülüb.
Ukrayna kəşfiyyat orqanları öz növbəsində Qərbin yaxınlaşan işğalla bağlı xəbərdarlıqlarına baxmayaraq, Rusiya qoşunlarının hərbi əməliyyatlara hazırlığını lazımi səviyyədə qiymətləndirməyib. Belə ki, Ukraynada işğaldan əvvəl sərhədlərə hərbi qüvvələrin yığılmasının əsasən psixoloji oyun olduğuna inanıblar. Ehtimal edilirdi ki, Moskva, Zelenskinin son dərəcə aşağı reytinqləri fonunda dayanıqsız hesab etdiyi hökuməti devirməyə cəhd etmək üçün raket zərbələri və məhdud desant əməliyyatına əl atacaq.
"Biz tanklar və piyada qoşunları ilə İkinci Dünya müharibəsi üslubunda klassik işğalı təsəvvür etmirdik. Onlar isə heç bir müqavimət gözləmirdilər və kiminsə "qapını açacağını” gözləyirdilər”, - deyə WP-nin Ukrayna təhlükəsizlik qüvvələrinin rəhbərliyində yüksək rütbəli həmsöhbəti bildirib.
Qəzet qeyd edir ki, Rusiya kəşfiyyatının uğursuzluqları daha sistemli görünür – bu, o cümlədən, öz siyasi və maliyyə səbəblərinə görə işğalda maraqlı olan və yanlış məlumat ötürə bilən mənbələrin zəif seçimi ilə bağlı idi.
Qəzet yazır ki, bu mənbələr arasında birincisi Viktor Medvedçuk olub. Onun səsi, Moskvanı Zelenski hökumətinin zəif olduğuna və tez bir zamanda çəkəcəyinə, Ukrayna xalqının isə Rusiya ordusunu alqışlayacağına inandıranlar arasında ən yüksəkdən eşidilən səs idi. WP-nin fikrincə, müharibə başlayandan sonra Medvedçukun həbsinə Moskvanın laqeyd reaksiyası Vladimir Putinin qıcıqlanmasının görünən əlamətlərindən biri idi. Ukrayna rəsmilərinin fikrincə, indi Kreml üçün Medvedçuk "bütün pulları götürən və heç bir nəticə verməyən xaindir”.
Eyni zamanda, Ukrayna kəşfiyyatının məlumatına görə, FTX-də qapalı sorğular nəticəsində Putinin Ukraynada son dərəcə qeyri-populyar olduğunu və Rusiyanın hücumunun əhalinin dəstəyi ilə qarşılanmayacağını göstərən məlumatlar var idi. Hələ 2021-ci ilin aprelində FTX ölkə əhalisinin 84%-nin Rusiya qoşunlarının özünü elan etmiş DXR və LXR-nin nəzarətində olan ərazilərdən kənara hər hansı hərəkətini "işğal” hesab edəcəyi və yalnız 2%-nin bunu "azad etmə” kimi qəbul edəcəyi barədə məlumat almışdı. Müharibədən bir neçə həftə əvvəl, işğal halında Ukrayna üçün döyüşməyə hazır olub-olmadıqları ilə bağlı suala respondentlərin 48%-i müsbət cavab vermişdilər.
Bu məlumatlara baxmayaraq, FTX-nin Kremlə işğalın dəstəklənəcəyi fikrini yaymağa davam etdiyinin səbəbləri bəlli deyil. Qəzet ehtimal edir ki, ola bilsin, məxfi xidmət 48%-lik rəqəmdən yanlış nəticə çıxarıb ki, ukraynalıların yalnız az hissəsi ölkəni müdafiə etməyə hazırdır. Səsvermənin nəticələrinin Kremlə nə dərəcədə dəqiq çatdırıldığı da aydın deyil.
Görünür ki, uğursuzluğa görə FTX-də heç kim məsuliyyətə cəlb edilməyib. Xüsusi xidmət işğal olunmuş ərazilərdə fəaliyyətini davam etdirir.
WP-nin qeyd etdiyi kimi, məlumat çatışmazlığını nəzərə alaraq, FTX rəhbərliyi üçün işğaldan əvvəl vəziyyəti düzgün qiymətləndirməməsinin nəticələrini qiymətləndirmək olduqca çətindir. Eyni zamanda, görünür, Zelenski və UTX-dan fərqli olaraq, Putin FTX-də istənilən böyük təmizləmə əməliyyatından çəkinib.
Qəzet yazır ki, ABŞ kəşfiyyatı FTX-nin 5-ci Xidmətinin (Əməliyyat məlumatı və beynəlxalq əlaqələr xidməti) rəhbəri Sergey Besedanın rütbəsinin aşağı salınması və ya həbs edilməsi barədə yazda yayılan xəbərlərə şübhə ilə yanaşır.
FTX rəhbəri Aleksandr Bortnikovun da məsuliyyətə cəlb edilməsinə dair heç bir əlamət yoxdur. Ukrayna kəşfiyyatı, həmçinin FTX-nin arxa plana keçməsi və hazırda Ukraynada kəşfiyyat fəaliyyətinin ilk növbədə QRU tərəfindən həyata keçirilməsi ilə bağlı iddiaları da əsassız hesab edir.
Ukrayna kəşfiyyatının məlumatına görə, hazırda FTX-nin əsas fəaliyyəti Ukraynanın cənub və şərqinin işğal olunmuş ərazilərində cəmlənib. Onun məqsədi elitalar və cinayətkar qruplar üzərində siyasi və iqtisadi nəzarət yaratmaq və ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı referendumların keçirilməsinə hazırlamaqdır.
Hazırladı: Nizami Bağırov