"Bloomberg” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, G7 ölkələrinin maliyyə nazirləri cümə günü Rusiyanın satdığı neftin qiymətinin məhdudlaşdırılması sxemini müzakirə edəcəklər.
"The Wall Street Journal”a müzakirələrdən xəbəri olan mənbələr bildiriblər ki, plan cümə günü açıqlanacaq və təkcə xam neft üçün deyil, həm də Rusiyanın digər əsas ixracatı olan neft məhsulları üçün qiymət tavanı müəyyən
ediləcək.
Rusiya baş nazirinin müavini Aleksandr Novak cümə axşamı bildirib ki, Rusiya neftinə qiymət tavanı tətbiq edən ölkələrə neft və neft məhsullarının tədarükü dayandırılacaq.
"Biz qeyri-bazar şərtləri ilə işləməyəcəyik", - nazir müavini deyib.
ABŞ maliyyə naziri Janet Yellen qiymətlərin məhdudlaşdırılması ideyasını fəal şəkildə təbliğ edir, artıq Rusiyadan neft və neft məhsulları almır. Embarqonu Böyük Britaniya da tətbiq edib, Avropa İttifaqında isə embarqo dekabrın əvvəlindən tətbiq olunacaq. Ona görə də onların hədəsi Novakı qorxutmayacaq.
Lakin Ukraynada müharibə başlayandan sonra bəzi Avropa şirkətləri Rusiyadan neft və neft məhsullarını qəbul etməkdən imtina etdikdə, Rusiya tədarükləri başqa ölkələrə, ilk növbədə Asiya ölkələrinə yönəltməli oldu. Əgər Rusiya belə ölkələrə neft ixracını dayandırsa (Hindistan və Çin onun əsas alıcısına çevrilib, Türkiyə və Səudiyyə Ərəbistanı da alışı artırıb), onun böyük alıcıları qalmayacaq.
Lakin indiyədək bu ölkələr ABŞ və Avropa sanksiyalarına qoşulmağa hazır olduqlarını nümayiş etdirməyiblər. Sonuncuların qlobal iqtisadiyyatda payı 30% təşkil edir, lakin onlar, "Bruegel” analitik mərkəzinin məlumatına görə, dünya daşımalarının 90%-dən çoxunu sığortalayırlar. Məhz sığorta G7-nin Rusiya neftinin qiymətinə limit təyin etmək niyyətində olduğu əsas alətidir: güman edilir ki, sığorta və maliyyə xidmətlərinə yalnız müəyyən edilmiş qiymət daxilində satılan çatdırılmalara icazə veriləcək.
Qiymətin özü hələ müəyyən edilməyib: Qərb ölkələri onu elə hesablamağa çalışırlar ki, bir tərəfdən Rusiyanın ixracını davam etdirməsinə imkan verəcək qədər aşağı olmasın, digər tərəfdən isə neft dollarlarının axını azalsın. Bu barədə ABŞ Maliyyə Nazirinin müavini Uolli Adeymo WSJ-yə bildirib:
"Bizim məqsədimiz Rusiyadan neftin dünya bazarına çıxmasına imkan verəcək, lakin onun gəlirlərini azaldacaq lisenziyalaşdırma mexanizmi yaratmaqdır”.
Novak hesab edir ki, belə mexanizm "bazarı tamamilə məhv edəcək”. O, qiymət limitinin tətbiqini "tam absurdluq” adlandırıb:
"Bütün dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından ən vacib olan neft sənayesi kimi mühüm sənayenin bazar mexanizmlərinə müdaxilə, bu cür cəhdlər yalnız neft sənayesində sabitliyin pozulmasına gətirib çıxaracaq. Onsuz da bu gün yüksək qiymətlər ödəyən eyni istehlakçılar, avropalılar və amerikalılar ilk növbədə bunun əvəzini ödəyəcəklər”.
Lakin avropalılar və amerikalılar Rusiya neftinin qiymətini məhdudlaşdırmaqla məhz bahalaşmanın qarşısını almağa çalışırlar. Amma mexanizmin effektiv olması üçün onun böyük alıcılarını ona cəlb etmək lazımdır ki, bu da hələlik o qədər də alınmır. Avqustun sonunda ABŞ nümayəndə heyəti Hindistanda olub, onu bu mexanizmə qoşulmağa çağırıb.
Vəziyyətlə tanış olan mənbələr "Bloomberg”ə bildiriblər ki, Dehli bütün alıcılarla konsensus əldə olunmayınca bunu etməkdən ehtiyatlanır.
Bu arada neftin qiyməti 3 aydır ki, ucuzlaşır. Bu həftə yüksək eniş baş verib: Brent bazar ertəsi bağlanışda bir barel üçün 105,09 dollardan cümə axşamı hərracda 93,3 dollara düşüb. Dünya iqtisadiyyatındakı tənəzzül qorxusu, tədarük çatışmazlığı ilə bağlı narahatlıqları üstələyir, bu da neftin aşağı düşməsinə səbəb olur.
Nizami Bağırov