Xəbər lenti

Rusiya hələ də İrandan ballistik raket almaqdan qorxur - FT
Dünya10:29 06.03.2023

Rusiya hələ də İrandan ballistik raket almaqdan qorxur - FT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın İrandan pilotsuz uçuş aparatlarından əlavə ballistik raketlər də ala biləcəyi barədə ilk məlumatlar bir neçə ay əvvəl ortaya çıxıb. Lakin bu günə qədər bu baş verməyib. Səbəb odur ki, Rusiya bu tip silahların alınmasının Ukraynaya Qərbin ATACMS kimi uzaqmənzilli raketlərinin tədarükünə yol açacağından ehtiyat edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Financial Times NATO ölkələrinin rəsmilərinə istinadən yazır.
Onlardan birinə görə, Rusiyanın idarə olunan raket və artilleriya mərmiləri ehtiyatı ötən ilin sonundakı ehtiyatların təxminən yarısıdır. "Ruslar çıxılmaz vəziyyətdədir. Onların raketlərə ehtiyacı var”, - Avropa rəsmisi deyir.
İranın "Fateh-313” və "Zülfiqar” raketləri müvafiq olaraq 500 və 700 km uçuş məsafəsinə malikdir. Amerikalıların raketləri qədər dəqiq olmasa da, raket ehtiyatları getdikcə azalan Rusiyanın atəş gücünü artıra bilər. Kiyevin bu qədər fəal şəkildə tələb etdiyi ABŞ istehsalı ATACMS 300 km-ə qədər zərbə endirir ki, bu da Ukrayna hərbçilərinin Rusiya ərazisindəki hədəflərə çatmasına imkan verəcək.
FT yazır ki, Tehran və Moskva qabaqcıl Rusiya silahlarının İranın ballistik raketləri ilə dəyişdirilməsini müzakirə ediblər, lakin qərb rəsmiləri və analitiklərin fikrincə, müzakirələr qismən hər iki tərəf üçün mümkün əks-sədaya görə dayanıb. "Avropalılar İrana, nəticələrinin ağır olacağını deyiblər. ABŞ da qırmızı xətt çəkib”, – Crisis Group analitik mərkəzin İran üzrə direktoru Əli Vaez qəzetə deyib.
ABŞ-ın NATO-dakı səfiri Culianna Smit bildirib ki, İran raketlərinin Rusiyaya çatdırılması ehtimalı "hamımızı çox narahat edir”: "Bu mövzu alyansda müzakirə olunur. Biz İrana Rusiyaya hücumlarında və Ukraynadakı müharibədə maddi dəstək vermənin nə qədər təhlükəli olduğuna dair siqnallar göndərməyə davam edəcəyik”.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian keçən həftə CNN-ə deyib ki, onun ölkəsi və Rusiya müdafiə sahəsində əməkdaşlıq edir, lakin "biz Rusiyaya Ukraynadakı müharibədə istifadə etmək üçün heç bir silah verməmişik”.
Qərbdə xəbərdarlıq edirlər ki, vəziyyət dəyişə bilər. Raketlərin kəskin çatışmazlığı və yerli hərbi-sənaye kompleksinin onların lazımi miqdarda istehsalını təmin edə bilməməsi hələ də Moskvanı İranla razılaşmaya sövq edə bilər. Sonuncu artıq ağır sanksiyalar altındadır. Pentaqon rəsmisi FT-yə deyib: "İran Rusiyaya silah satmaq istəyən bir neçə ölkədən biridir".
Rusiya və İran müxtəlif sahələrdə - iqtisadi sahədən tutmuş hərbi sahəyə qədər fəal şəkildə əlaqələr qurur. İranın Rusiyadakı səfiri Kazem Cəlali "Parlamentskaya qazeta"ya deyib ki, onlar əməkdaşlığın inkişafının qızıl dövrünü yaşayırlar və nazir Əmir Abdullahianın mart ayında Moskvaya gələcəyini bildirib. Ötən həftə "Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller Tehrana səfər edib. FT İran diplomatlarına istinadən xəbər verir ki, Rusiya Bankının sədri Elvira Nabiullina da səfərə hazırlaşır. Mərkəzi Bankın keçmiş əməkdaşının sözlərinə görə, o, yəqin ki, qlobal maliyyə sistemindən kəsilmiş iki ölkənin ödəniş sistemlərinin inteqrasiyası ilə bağlı danışıqlar aparacaq.
Nizami Bağırov