Xəbər lenti

Dünya 16:15 05.11.2022

Rusiya indi də Moldovanı qarışdırır - Politoloq

Ukraynaya qarşı işğalçı müharibəni davam etdirən Rusiya Moldovanı da yaddan çıxarmayıb. Bu günlərdə Rusiya ordusunun Ukraynaya atdığı raketin qalıqlarının Moldova ərazisinə düşməsi rəsmi Kişinyovda narazılıq və narahatlıqla qarşılanıb. Eyni zamanda, Moldovada Rusiyameylli siyasilər, "beşinci kolon” hərəkətə keçib, Maya Sandu hakimiyyətinin devrilməsi məqsədi ilə aksiyalar keçirirlər. Habelə, bu ölkədə müxalifətçi Şor Partiyasının fəal üzvləri həbs edilib. 

Belə görünür ki, Kreml MDB məkanında özünə sərf etməyən hakimiyyətləri devirmək üçün inqilablara hazırlaşır. Bunun üçün hazırda sözügedən məkanda sərf etməyən hakimiyyətlər əsasən Moldova və Ermənistanda mövcuddur. Hər iki ölkədə isə son zamanlar Rusiyameylli qüvvələrin yenidən aktivləşməyə başladığı hiss olunur. Moldova müxalifəti artıq bu aksiyalara start verib. Ermənistanın revanşist qüvvələri isə mitinqlər prosesinə hazırlıq mərhələsindədir. 

Aydın məsələdir ki, bu iki MDB ölkəsində iqtidara qarşı başlanan hərəkatın arxasında məhz Kreml dayanır. Görünən odur ki, Moskva özünə sadiq olmayan MDB ölkələrində "rəngli inqilab” etmək istəyir. 

Politoloq Taleh Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Kreml MDB ərazisində özünə xoş gəlməyən hakimiyyətləri dəyişdirməkdə maraqlı olsa da, bunu reallaşdıra bilməyəcək. Ekspertin fikrincə, Qərb buna imkan verməyəcək:

"Rusiya MDB məkanındakı Moskvaya qarşı olan qüvvələrə hər zaman dözümsüzlük nümayiş etdirib. Kreml qərbyönümlü siyasət yürüdən Paşinyanın da devrilməsinə cəhd göstərir. Moldovada son günlər yaşanan proseslər də Rusiyanın indiyə qədər MDB məkanında həyata keçirdiyi siyasi kursun davamıdır.

Rusiyanın MDB ölkələrində özünə sərf etməyən hökumətlərin devrilməsi üçün imkan düşdükcə "inqilablara” əl atacağı istisna deyil. Ancaq Moskvanın bu istəyinin alınacağı da gözlənilən deyil. Moldovada Rusiyayönümlü rejimin yaranmasına Qərb çətin ki, imkan versin. Bu gün Belarus Rusiya ilə ittifaq dövlətində təmsil olunur. Moldovanın da həmin çətirin altına düşməsi Ukraynanın Rusiya tərəfindən hərtərəfli mühasirəyə alınmasına gətirib çıxara bilər. Belə vəziyyət həm də Ukrayna cəbhəsində Qərbin məğlubiyyəti demək olardı. Bu baxımdan, hesab edirəm ki, Rusiyanın həmin istiqamətdə etdiyi cəhdlər nəticə verməyəcək. Qərb siyasi dairələri birmənalı şəkildə hazırkı Moldova hakimiyyətini dəstəkləyəcək”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->