Xəbər lenti

Dünya 18:40 07.12.2022

Rusiya İrandan yüzlərlə raket və drondan ibarət yeni partiya sifariş etdi

Rusiya kəskin mərmi çatışmazlığı səbəbindən İrandan yeni dron və ballistik raketlər partiyası sifariş edib.

Qaynarinfo xəbər verir ki, bu barədə DPA agentliyi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahındakı mənbəyə istinadən yazır.
 
"Biz bilirik ki, İran Rusiyaya pilotsuz uçuş aparatların və raketlərin tədarükünü əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır”, - deyən mənbə əlavə edib ki, söhbət yüzlərlə raket və drondan gedir: "Artıq göndərildiklərini düşünmürəm, lakin onlar mütləq sifariş siyahısındadırlar".

Bundan əvvəl İran Ukraynada enerji infrastrukturu obyektlərinə zərbələr endirmək üçün istifadə etdiyi "Şahed-136” kamikadze pilotsuz uçuş aparatlarının bir neçə partiyasını Rusiya ordusuna tədarük edib. İranın PUA-ları ilk dəfə Ukrayna səmasında avqustun 16-da peyda olub və ən çox hücumlar oktyabrın 10-dan noyabrın 17-si arasında müşahidə edilib. Həmin zaman kəsiyində 400-ə yaxın PUA vurulub. Bundan sonra Britaniya kəşfiyyatı Rusiyanın pilotsuz uçuş aparatlarının tükəndiyi barədə məlumat yayıb.

Lakin dekabrın 7-nə keçən gecə üç həftəlik sakitlikdən sonra Rusiya ordusu yenidən İranın pilotsuz uçuş aparatlarını Ukraynaya göndərib. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının hesabatına görə, ümumilikdə 14 PUA vurulub. Onlardan 8-i Dnepropetrovsk vilayəti ərazisində məhv edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->