Dünya 19:00 28.04.2023

Rusiya nefti Avropaya Hindistandan dizel adıyla daxil olur - "Bloomberg"

Rusiya nefti artıq Hindistan neft emalı zavodlarında istehsal olunan hazır neft məhsulları şəklində olsa da, Avropa bazarına daxil olmaqda davam edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Rusiya neftinin Avropaya birbaşa tədarükünə qadağa dekabr ayından, Rusiyada istehsal olunan neft məhsullarına isə fevral ayından etibarən qüvvədədir. Bununla belə, Avropa sanksiyaları Rusiya neftindən əldə edilən neft məhsullarının Hindistan kimi üçüncü ölkələrin neft emalı zavodlarında Avropa bazarına tədarükünü heç bir şəkildə qadağan etmir.

Bloomberg-in məlumatına görə, aprel ayında Hindistan Rusiya neftinin əsas alıcısı olmaqla yanaşı, Avropaya ən böyük hazır neft məhsulları tədarükçüsü olacaq. Aİ-yə dizel tədarükü baxımından o, hətta Səudiyyə Ərəbistanını da keçəcək.

Nəşr qeyd edir ki, bu vəziyyət iki tərəfli qılıncdır. Bir tərəfdən, Avropaya qadağan olunmuş Rusiya yanacağını əvəz etmək üçün üçüncü ölkələrdən dizel yanacağı tədarükü lazımdır. Amma digər tərəfdən, bu cür dolayı tədarüklər dünyada Rusiya neftinə tələbatı artırır və nəqliyyat xərcləri hesabına yanacağın Avropa bazarında bahalaşmasına səbəb olur.

Alpər