Xəbər lenti

Rusiya Polşa və Baltik ölkələrinə hücum edərsə... (ŞƏRH)
Dünya 20:02 20.02.2025

Rusiya Polşa və Baltik ölkələrinə hücum edərsə... (ŞƏRH)

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın növbəti mərhələdə hücum edəcəyi ölkələrin adlarını açıqlayıb. Ukrayna lideri bildirib ki, Rusiya Litva və Polşaya hücum edə bilər. 

Mövcud durum onu deməyə əsas verir ki, Zelenski hazırkı vəziyyət daxilində Tramp-Putin razılaşmasına çətin ki, razılıq versin. Ən azından onun son açıqlamaları belə deməyə əsas verir. Zelenski Kiyevin yer almadığı görüşlər və burada əldə olunan qərarların Ukrayna üçün heç bir əhəmiyyət kəsb etməyəcəyini deyib.
 
Rusiyanın Ukraynadan sonra Polşa və Litvaya, bura hətta Latviya və Estoniyanı da əlavə etmək olar, hücum edəcəyinə gəldikdə, əslində bu versiya az inandırıcıdır. Belə ki, Kremlin adı çəkilən ölkələrə hücumu onun birbaşa NATO ilə toqquşması anlamına gələ bilərdi. Moskvada Trampın hazırda tutduğu mövqe fonunda NATO-nun zəifləyəcəyini düşünürlərsə, ciddi şəkildə yanılırlar. Rusiya Ukrayna ilə müharibədə öz istəyinə tam nail ola bilməyib və bu gündən sonra da nail olacağı ağlabatan deyil. O, yalnız Ukraynanın cənub-şərqində müəyyən əraziləri tutub. Lakin bunun müqabilində özünə hərbi baxımdan Ukrayna kimi güclü rəqib qazanıb. Aydın məsələdir ki, ən azından Avropa İttifaqı Ukraynanın güclü olmasında maraqlıdır ki, özlərilə Rusiya arasında bufer rolunu oynasın. Bu əsasda da Aİ Trampın hansı mövqe sərgiləməsindən asılı olmayaraq, Ukraynanı gücləndirməkdə davam edəcək. 

Rusiyanın Ukraynanın ardınca Litva və Polşaya hücum edəcəyi isə ağlabatan deyil. Ukraynada istəyinə tam nail olmayan Rusiyanın daha güclü blokda təmsil olunan sözügedən ölkələrə təcavüzü elə Moskvanın özünün fiaskosu ilə nəticələnə bilər. Zelenski sadəcə olaraq, həmin açıqlamanı Avropa cəmiyyətini Rusiyanın vədlərinə uymamaq, bundan qaçmağın çıxış yolunun yalnız Ukraynaya dəstəyi artırmaq olduğuna inandırmaq üçün verib. Yəni Trampın tutduğu mövqe fonunda Avropaya diktə edir ki, Ukraynaya dəstəyi artırmaqla özlərini də gələcək təhlükələrdən qoruya biləcəklər. 

İkinci məsələyə gəldikdə, görünən odur ki, Zelenski Kiyevin iştirakı olmadan Tramp-Putin razılaşmasına qol qoymayacaq. Bunu da o, təkbaşına edə bilməz. Yəni meydanda tək qalsa istəməsə də belə, gözlənilən Tramp-Putin razılaşmasına "hə” deməli olacaq. Hiss olunur ki, Zelenski bu məsələdə Aİ-nin hərtərəfli dəstəyini alıb. Xüsusən də bu günlərdə başa çatan Münhen Təhlükəsizlik Konfransında Zelenskinin alqışlarla qarşılanması onu deməyə əsas verir ki, Kiyev özünün razılığı olmadığı hər hansı bir sənədə imza atmayacaq. İndiki mərhələdə Tramp Zelenskini buna məcbur edə də bilməyəcək. Çünki Aİ Kiyevin arxasında dayandığını bəyan edib. Bu əsasda da yəqin ki, Tramp özünün Ukrayna ilə bağlı planında Kiyevin maraqlarının müəyyən dərəcədə təmininə hesablanmış bəzi koorektlərə getməli olacaq... 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->