"ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putini qatil hesab etməsi bir siyasətçinin rəqibini və ya əleyhidarını tənqid, təhqir etməsi kimi dəyərləndirmək çox yanlış olardı”.
Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli bildirib. Onun sözlərinə görə, Baydenin Putini qatil adlandırması təsadüfi olmayıb:
"Co Bayden ABŞ-ın üç böyük televiziyasından biri olan ABC-nin (American Broadcasting Company) aparıcı Corc Stefanopulosunun suallarını müsahibə yayımlanmadan bir gün əvvəl cavablandırıb. Yəni, müsahibə telekanalda yayımlanmamışdan əvvəl hansısa ifadənin, fikirin çıxarılması üçün Ağ Evin sərəncamında kifayət qədər vaxt olub. Kifayət qədər vaxt olmasına baxmayaraq müsahibədən Putinin qatil adlandırılması ilə bağlı fikirin çıxarılmaması aydın göstərir ki, Rusiya Prezidentinə "qatil" damğasının vurulması Co Bayden Adminstrasiyasının planlı siyasətinin nəticəsidir.
Bu qənaəti təsdiqləyən digər məqam ABC-nin aparıcı Corc Stefanopolusunun siyasi kimliyidir. Yunan mənşəli Corc Stefanopulos Demokratlar Partiyasına yaxın şəxslərdən hesab olunur. Bill Klintonun Adminstrasiyasında təmsil olunub, Bilderberq Klubunun üzvüdür.
Putinə "qatil" damğasının vurulmasının təsadüfi hadisə və ya emosional gərginliyin nəticəsi olmadığı birmənalı məlumdur. Buna dünya ictimaiyyətinin münasibəti də çox maraqlı oldu. Dünyanın heç bir ölkəsinin başçısı açıq şəkilədə Putini dəstəkləmədiyi kimi, Co Baydenin də əleyhinə çıxmadı. Hətta Rusiyanın ən yaxın müttəfiqləri də susmağa üstünlük verdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putini ehtiyyatlı müdafiəsi də Co Baydenin mövqeyini zəiflətmədi.
Heç biri dövlət başçısının Putini açıq mətinlə dəstəkləməməsi Rusiyanın ABŞ qarşısında təkləndiyini göstərir. Rusiya tam təkləndiyi halda, Co Baydenin mövqeyinin dəstəkləndiyi müşahidə olunur.
Avropa Birliyinin xarici siyasət komissiyasının təmsilçisi Massrali mətbuat konfransında təmsil etdiyi Birliyin Co Baydenin Putinə vurduğu "qatil" damğası ilə razı olduğunu bildirən ifadələr işlədib: "Rusiyada siyasətçilər və jurnalistlərə qarşı törədilmiş sui-qəsdlərinin uzun bir siyahısı var. Rusiya Prezidenti Rusiya Federasiyasının siyasətinə və hərəkətlərinə, o cümlədən müxalifət liderləri ilə baş verən hadisələrə görə cavabdehdir”.
Bu diplomatik ifadələr Avropa Birliyinin Putinin qatil hesab olunması məsələsində Co Baydenlə həmrəy olduğunu göstərir. Böyük Britaniya rəsmi mövqe açıqlamasa da, Co Baydenlə eyni mövqedədir.
Bütün bunlar Rusiyanın bütün tarixi boyu çox nadir hallarda görünən bir vəziyyətlə üzləşdiyini, Qərb qarşısında tam təkləndiyini və faktiki olaraq müttəfiqsiz qaldığını göstərir.
"Qatil" damğası Rusiyanın təklənməsinə səbəb olduğu kimi, bundan sonra da diplomatik münasibətlərə ciddi təsir edəcək. Çünki, "qatil" damğalı liderlə yaxın münasibətlər qurmaq bundan sonra təhlükəsiz olmayacaq”.
Orxan Əhmədli