Ukraynaya qarşı tammiqyaslı müharibənin 10 ayı ərzində Rusiya ordusunun döyüş qabiliyyəti ən azı 50% azalıb.
Qaynarinfo bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin nazirliyin saytında dərc olunmuş bəyanatına istinadən xəbər
verir.
Nazir qeyd edib ki, 100 mindən çox rusiyalı öldürülüb, yaralanıb və ya fərari olub.
Uollesin sözlərinə görə, Rusiyanın imkanları 4500-dən çox zirehli texnikanın, 140-dan çox helikopterin və təyyarənin, yüzlərlə artilleriya qurğusunun məhv edilməsi ilə ciddi şəkildə məhdudlaşdırılıb.
"Rusiya Federasiyası döyüşə hazır quru qoşunlarının 50%-ni itirib. Onların hərbi doktrinasının on ildir fəxr etdiyi tabor səviyyəli taktiki qrup konsepsiyası Ukraynanın müqavimətinə tab gətirə bilmədi", deyə nazir vurğulayıb.
Bundan əlavə, Müdafiə Nazirliyinin rəhbəri Rusiyanın Qara dəniz donanmasını ələ salaraq, onu "sahil müdafiə donanması” adlandırıb.
"Kremldən maaş alan muzdluların vəziyyəti bundan yaxşı deyil. Bu yaxınlarda Luqansk vilayətində "Vaqner" özəl hərbi təşkilatın qərargahına edilən hücumda yüzlərlə insan həlak olub", deyə Uolles əlavə edib.
Nizami Bağırov