Dünya 17:19 21.09.2022

Rusiya səfərbərlik nəyi dəyişəcək? - Ekspert

Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Putin telemüraciətində bildirib ki, Rusiya Federasiyasında səfərbərlik tədbirləri bu gün başlayacaq. Onun sözlərinə görə, ölkədə qismən səfərbərlik çərçivəsində çağırış yalnız ehtiyatda olan, ilk növbədə təcrübəsi olan vətəndaşlara şamil olunacaq. 

Qeyd edək ki, səfərbərlik iki cür olur: tam və qismən. Tam səfərbərlik dedikdə ölkənin bütün resusları, əmlakı, insanları, texnikası, bütöv bir ölkə orduya köklənir. Qismən səfərbərlikdə isə tələb olunan ixtisaslar üzrə insanlar təlimlərə cəlb olunurlar. Burada şəraitdən asılı olaraq, müxtəlif ixtisaslardan söhbət gedə bilər. Təlimlərdən sonra onla Müdafiə Nazirliyinin xətti ilə lazım olan hərbi hissə və birləşmələrə yönləndirilirlər. Bu mənada, Putinin həyata keçirdiyi bu qismən səfərbərlik sözsüz ki, Kremlin Ukraynada istəyinə nail ola bilməməsindən qaynaqlanır. Kreml artıq 7-cı ayı tamam olmaq üzrə olan müharibədə hər hansı bir ciddi uğur qazana bilməyib. Əksinə, son həftələr Ukrayna Ordusu güclü həmlələrlə bir sıra mühüm məntəqələri azad edib. Bu da Ukrayna cəbhəsində rus ordusunun qüvvəsinin tükəndiyini göstərir. Xüsusən də görünür ki, orduda hansısa peşələr üzrə kadr çatışmamazlığı hökm sürür. 

Qismən səfərbərlik Ukrayna bataqlığında ilişib qalan rus ordusunu xilas edə biləcəkmi?
 
Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib ki, Rusiya qismən səfərbərlik elan etməklə canlı qüvvə ilə bağlı yaşadığı problemi həll etməyi düşünür:



"Ukraynada hərbi əməliyyatlar başlayanda bildirmişdim ki, müharibə bir neçə fazada gedəcək. Birinci faza kəşfiyyat xarakterlidir və kəşfiyyat xarakterli döyüşlər 3 aya yaxın çəkdi. 3 aydan sonra ruslar şərq və cənubda bir sıra əsas mövqe və şəhərləri, Mariopol, Severodonetsk, Xerson və Zaporojye AES-ni tuta bildi. 

Sonrakı mərhələ isə strateji mövqelərin məhkəmləndirilməsinə xidmət edib. Kreml düşünürdü ki, Qərb bu məsələdə Ukraynaya daha dərindən dəstək verməyəcək. Lakin iyun ayından başlayaraq bəlli oldu ki, Qərbdən Ukraynaya çoxsaylı peşəkar muzdlu döyüşçü gəlib. Onların hesabına Ukrayna ordusunda şəxsi heyətin sayı artdı. Nəticədə, Rusiyanın özündə canlı qüvvəyə tələbat yarandı. Xüsusi təyinatlıların həyata keçirdiyi əməliyyatlardan sonra mövqelərin möhkəmləndirilməsi üçün canlı qüvvəyə ehtiyac var. Kreml də bu müstəvidə qismən səfərbərliyə getməklə həmin problemi aradan qaldırmağı düşünür. İlkin olaraq yəqin ki, 35 yaşa qədər olanlar orduya çağırılacaq”. 
 
Həmsöhbətimiz düşünür ki, qismən səfərbərlik müharibənin taleyini dəyişəcək tədbir deyil: "Sadəcə olaraq, canlı qüvvə ilə bağlı olan məsələdir. Müharibənin taleyini dəyişən məqam isə Ukraynanın daha iri miqyaslı hərbi əməliyyata keçərək, strateji əhəmiyyət kəsb edən əraziləri azad etməsi ola bilər”. 

Rüfət Sultan