"Bu o anlama gəlir ki, Rusiyanın xarici siyasət prioritetlərindən olan regionlarda hərbi böhran yaratmaqla özünün geosiyasi maraqlarına nail olmaq siyasəti uğursuzluğa düçar olub”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ukraynanın NATO üzvlüyünə kəskin şəkildə qarşı çıxan Rusiyanın birdən-birə XİN-in dililə Kiyevin Şimali Atlantika Alyansına qəbulunun bu quruma heç nə verməyəcəyi fikrini səsləndirməsinə münasibət bildirərkən deyib:
"Bu, əslində, Moskvanın yumşalması anlamına gəlməməlidir. Sadəcə, Rusiya çətin vəziyyətə düşərək özünün yaratdığı hərbi böhranın girovuna çevrilib. Ya Rusiya geri çəkilməlidir, ki, bu fonda ictimai rəydə Putinin obrazı böyük zərbə alacaq. Ya da hansısa məsələləri müzakirə obyekti etməklə prosesdən ən azından simasını qorumaqla çıxacaq. Əslində, Rusiya XİN-in açıqlamasının mahiyyətində bu dayanır”.
Həmsöhbətimiz qeyd edir ki, Kreml həyata keçirdiyi aqressiv siyasətinin 2008 və 2014-cü ildə olduğu kimi, Qərb dünyasının sakit qarşılayacağını zənn etməklə səhvə yol verib:
"Rusiya 2008-ci ildə Gürcüstan, 2014-cü ildə isə Ukraynada bu cür hərbi böhranlar yaradanda Qərb dünyası sadəcə ağzına su alaraq oturdu və Moskva fürsətdən istifadə edərək bir sıra əraziləri işğal etdi. Ukrayna ətrafında yeni hərbi böhran yaratmaqla Kreml Qərb dünyasının nə qədər dayanıqlı olduğunu test etdi. Ancaq Rusiyanın irəli sürdüyü şərtlərin heç biri ABŞ və NATO tərəfindən qəbul olunmadı. Əksinə, Qərb tərəfi yazılı cavabda Rusiyaya əlavə şərtlər irəli sürdü və raket sistemlərinin qarşılıqlı olaraq geri çəkilməsi və bu bazalarda qarşılıqlı təftişin aparılmasını müzakirə etməyi təklif etdi.
Bu da onu göstərir ki, artıq Rusiyanın irəlis ürdüyü şərtlərdən söhbət getmir. Söhbət təhlükəsizlikdən gedirsə, Qərbin təkliflərində qarşılıqlı olaraq qoşunların geri çəkilməsindən söhbət gedir ki, bu da artıq Rusiyanın istədiklərindən tamamilə xaricdədir. Rusiya NATO qoşunlarının 1997-ci il sərhədinə doğru geri çəkilməsini tələb edirdisə, Qərb də Moskvadan eyni şeyi tələb edir. Onların təklifində Kalininqraddakı rus hərbi bazalarının geri çəkilməsilə yanaşı, Moldova, Gürcüstan və Ukraynadakı qoşunların da geri çəkilməsi tələb olunur”.
Ekspert düşünür ki, Rusiya simasını qorumaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifini qəbul etməlidir:
"Çünki Qərblə Rusiya arasındakı danışıqlarda ən səmimi ölkə məhz Türkiyədir. Bu məsələyə Kiyev də həssas yanaşır. Çünki o da Qərb dünyasından tam məmnun deyil”.
Rüfət Sultan