Xəbər lenti

Rusiya Tehrandan silah istəyir (ŞƏRH)
Dünya11:06 09.11.2022

Rusiya Tehrandan silah istəyir (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya mətbuatının yazdığına görə, bu ölkənin Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrana səfərə gedib. Son zamanlar Rusiya Ukrayna cəbhəsində artıq heç bir mövqe qazana bilməyib. Əksinə, rus qoşunları tədricən də olsa, tutduqları əraziləri itirir. Bu isə Rusiya ordusunun Qərbdən modern silahlar alan Ukrayna qarşısında aciz duruma düşdüyünü göstərir. 
Belə vəziyyətdə, Rusiyanın yeni silahlara ehtiyacı yaranıb ki, Kreml də əksər ölkələrin məsələyə neqativ yanaşması fonunda bu tələbatı İranın hesabına ödəmək qərarına gəlib. Bildiyimiz kimi, artıq Rusiya İrandan bəzi silahları alaraq, onu Ukrayna müharibəsində sınaqdan da keçirib. Ukraynanın dinc şəhərlərinə, infrastrukturuna edilən raket zərbələri əsasən məhz İrandan alınan silahlarla həyata keçirilib.
Bunun nəticəsidir ki, Qərb də öz növbəsində İrana qarşı daha ciddi addımlar ata biləcəyi anonsunu verib. Belə görünür ki, Tehran Rusiyaya raket verməkdə davam edərsə, onun bir sıra hərbi obyektləri NATO-nun zərbələrinə məruz qala bilər. Yaranmış vəziyyətdə İran rəsmiləri arasında Rusiyaya silah satmaq məsələsində yekdil fikrin olmadığı bildirilir. Bu isə o deməkdir ki, İran artıq həmin məsələdə tərəddüd edir və Qərbin təzyiqləri güclənərsə, prosesi dayandıra da bilərlər. Belə vəziyyət isə Kremlin marağına cavab vermir. Belə bir vəziyyətdə Patruşev Tehrana səfər etməklə böyük ehtimalla İranın bu tərəddüdünü aradan qaldırmağa çalışacaq. 
Buna nail olmaq üçün isə Tehrana daha böyük vədlər də verə bilərlər. İustisna deyil ki, Moskvanın İrandan müqavilə əsasında aldığı silah və raketlər artıq tükənmək üzrədir. Bu məqsədlə də Putin Patruşevi yenidən İrana göndərib. Bütün hallarda Təhlükəsizlik Şurasının katibinin adıçəkilən səfəri silah məsələsilə bağlıdır. 
Rüfət Sultan