Araxamiya: "Rusiya Krım istisna olmaqla, bizim təklifimizə şifahi razılıq verib"
Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya hesab edir ki, Rusiya ümumilikdə Ukraynanın təklif etdiyi müqavilənin şərtlərini qəbul etməyə hazırdır.
Bu barədə Qaynarinfo "RBK Ukraina”ya
istinadən məlumat verir.
"İstanbulda mövqeyimizi açıqladıq. Prinsipcə, Rusiya Federasiyası artıq öz rəsmi cavabını verib, o da budur ki, Krım məsələsi istisna olmaqla, bizim təklif etdiklərimizi qəbul edirlər. Kuleba bildirib ki, hələ də rəsmi təsdiq yoxdur, cavabın yazılı şəkildə olmasını gözləyirik”, - deyə Araxamiya bildirib.
Millət vəkili Ukrayna Prezidenti Vladimir Zelenski ilə Vladimir Putinin görüşü barədə məlumat verərkən bildirib ki, görüşün yeri və tarixi barədə dəqiq məlumat yoxdur. Liderlər Türkiyədə- İstanbul və ya Ankara şəhərində görüşə bilərlər.
"Ən mühüm məqam odur ki, onlar təsdiq etdilər ki, sənədlərin layihələri artıq iki ölkə prezidentləri arasında məsləhətləşmələr aparmaq üçün kifayət qədər işlənib", - Araxamiya əlavə edib.
Ukrayna üçün təhlükəsizlik təminatlarına gəlincə, potensial qarantlarla aktiv məsləhətləşmələr aparılır. Rəsmi olaraq, üç NATO ölkəsi artıq Ukraynanın təklif etdiyi formatda zəmanət verməyə razılaşıb. Bunlar Türkiyə, Almaniya və İtaliyadır.
Türkiyədə bundan əvvəl keçirilən danışıqlarda Ukrayna nümayəndə heyəti Krımın statusu ilə bağlı 15 il danışıqlar aparmağı təklifini irəli sürüb. Kreml tezliklə məsələnin müzakirəsini rədd edib.
Nizami Bağırov
Qaynarinfo